Xəbərlər
Konqolu tələbələr BANM-da təhsil alacaqlar
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov bu tədris ilində təhsil alan konqolu tələbələrlə görüşüb. Tələbələri təbrik edən rektor bildirib ki, gənclər 5 ildən sonra Konqoda peşəkar mütəxəssis kimi öz ölkələrinə xidmət edəcəklər.
Elmar Qasımov vurğulayıb ki, tələbələrin Ali Məktəbdə ali təhsil alması SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə Konqo Respublikasının Milli Neft Şirkətinin baş direktoru Maixent Raoul Ominga arasında imzalanan “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu” çərçivəsində baş tutub.
Sonra rektor tələbələri ayrı-ayrılıqda dinləyib, onların təklifləri ilə bağlı yerindəcə müvafiq tapşırıqlarını verib.
Xatırladaq ki, 8 konqolu gənc 2024-2025-ci tədris illərində SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə bakalavriat səviyyəsində təhsil alacaq.