Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi Londonda təmsil edəcək

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Lissabon Qlobal Sammitində keçirilən yarışda qalib olublar. Bu məqsədlə də Londonda baş tutacaq Qlobal Akselerasiya proqramında Azərbaycanı təmsil edəcəklər.

Onlar Neft-qaz mühəndisliyi ixtisasının tələbələri Emil Hüseynli və Malik Sultanovdur.

"Agroficient" komandası BANM-də keçirilən “Hult Prize on campus” mərhələsindən sonra Lissabonda təşkil edilmiş yarışmada da qalib gəlib. Azərbaycandan finala birbaşa keçmiş ilk komanda adını qazanıblar. Tələbələrin mentoru isə BANM-in İnnovasiya və Tədqiqatlar mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadədir.

"Agroficient" torpağın altında nəm saxlayan, süngər rolunu oynayan, bioloji parçalana bilən hidrogelin hazırlanması və satışı ilə məşğuldur. Suvarma zamanı su itkisini azaltmaq üçün super absorbent materialın inkişafı, testi və tətbiqini əhatə edir.

Bu barədə “Hult Prize” öz sosial şəbəkəsində paylaşım və təbrik edib. “Hult Prize” yarışması hər il təşkil olunur. Qalib komandaya isə 1 milyon ABŞ dolları verilir.

Qlobal Akselerasiya proqramında Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Afrika və Hindistandan komandalar iştirak edəcək.

Tələbələrimizə Londonda uğurlar arzulayırıq!