Xəbərlər

Bakı Ali Neft Məktəbində Ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu

     Bakı Ali Neft Məktəbində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü qeyd olundu. Öncə Ulu öndərin Bakı Ali Neft Məktəbindəki büstü önünə gül dəstələri qoyuldu, muasir Azərbaycanın banisi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

     Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbiri açaraq müdrik dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolundan bəhs etdi. O, bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində elə bir şərəfli həyat yaşayıb ki, onun xatirəsi Azərbaycan xalqı yaşadıqca hər zaman yaşayacaq. Rektor vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev öz həyatını xalqına bəxş edib və onun zəngin siyasi fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. O, hər zaman xalq ilə nəfəs alıb, həyatının mənasını xalqına xidmətdə görüb. Xalq da həmişə Heydər Əliyevi sevib, onunla fəxr edib, onun siyasətini dəstəkləyib və etibarlı dayağına çevrilib. Bu gün Azərbaycan Ümummilli liderin ideyalarının davamçısı olan İlham Əliyevin rəhbərliyi ilə yaşayır, yaradır və gələcəyə əminliklə addımlayır.”- deyə rektor Elmar Qasımov qeyd etdi.

 

     Azərbaycan Respublikası Milli Məclisinin sədrinin müavini, İnsan hüquqları Komitəsinin sədri Bahar Muradova Ulu öndər Heydər Əlyevin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs etdi. O, bildirdi ki, Ulu öndər Heydər Əliyevin quruculuq fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasını təmin etmək üçün müxtəlif istiqamətlərdə proqram və layihələr həyata keçirilib. “Azərbaycanın ən ağır anlarında Heydər Əliyev daim xalqın yanında olub. Xalqımız çətin anlarında ona üz tutaraq hakimiyyətə dəvət edib və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlayıb. Prezident İlham Əliyev Ümummilli liderin qoyub getdiyi siyasi yolu ləyaqətlə davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan Heydər Əliyevin arzuladığı xoşbəxt gələcəyə doğru irəliləyir.” - deyə Milli Məclis sədrinin müavini, İnsan hüquqları Komitəsinin sədri Bahar Muradova vurğuladı.

 

     Sonda Ulu öndərin əziz xatirəsinə həsr olunmuş, onun keçdiyi şərəfli ömür yolunu özündə əks etdirən videoçarx nümayiş olundu.