Xəbərlər
Bakı Ali Neft Məktəbində SOCAR-ın “Gənc İstedadlar Proqramı”na seçilmiş tələbə və məzunlarla görüş keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) 40 tələbə və məzunu SOCAR-ın “Gənc İstedadlar Proqramı” və “Çalışan Tələbə Proqramı”na seçilib.
Proqram iştirakçıları ilə keçirilən görüşdə BANM-in rektoru Elmar Qasımov onlara uğurlar arzulayaraq SOCAR rəhbərliyinin yaratdığı bu imkandan faydalanmağı, müəssisələrdə Bakı Ali Neft Məktəbini uğurla təmsil etməyi, aktiv, öyrənməyə meyilli olmağı tövsiyə edib.
Görüşdə çıxış edən SOCAR-ın İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini Sadiq Sadıqov bildirib ki, BANM tələbə və məzunlarının proqramda iştirak etməyi və karyeralarına SOCAR-da başlamağı sevindirici haldır.
SOCAR-ın İnsan resursları şöbəsinin müdir müavini Həmid İsrafilov və insan resursları üzrə aparıcı mütəxəssis Aygün Qəniyeva iştirakçıların proqramın üstünlüklərindən yararlanacaqlarına əminliklərini bildiriblər.