Xəbərlər

Bakı Ali Neft Məktəbi “Huawei” şirkətinin tədbirində təmsil olunub 

SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Çinin “Huawei” şirkətinin “Gələcəyin toxumları” (Seeds for the Future) proqramının bağlanış mərasimində çıxış edib.

Rektor çıxışında Bakı Ali Neft Məktəbi ilə “Huawei” şirkətinin əməkdaşlığının sıx olduğunu, şirkətin Azərbaycandakı sosial layihələrində Ali Məktəbin mühüm yer tutduğunu vurğulayıb. O xatırladıb ki, “Huawei” şirkəti ilə BANM arasında Anlaşma Memorandumu imzalanıb, “Huawei” şirkəti Ali Məktəbdə tədris laboratoriyasının qurulmasına dəstək olub, Azərbaycanda ilk dəfə BANM-də “Huawei IT Akademiyası” yaradılması barədə qərar verilib. Elmar Qasımov əlavə edib ki, Bakı Ali Neft Məktəbinin tələbələri “Huawei” şirkətinin təşkil etdiyi müsabiqələrdə, layihələrdə fəal iştirak edir və uğur qazanırlar.

Tədbirdə şirkətin layihələrində fəal iştirak edən, yarışlarında qalib olan BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi Roman Tolstoşeyev təqdimatla çıxış edib.