Xəbərlər

Əlcəzair Neft İnstitutunun nümayəndələri Bakı Ali Neft Məktəbində

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycanda səfərdə olan Əlcəzair Neft İnstitutunun icraçı direktoru Abdelkader Guenounenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov BANM haqqında geniş məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılan Bakı Ali Neft Məktəbi qısa müddətdə böyük uğurlar əldə edib, BANM Prezident təqaüdçülərinin sayına görə ölkə lideridir, ən yüksək keçid balları BANM ixtisaslarınadır.

Rektor Əlcəzair İnstitutu ilə bir neçə istiqamətdə əməkdaşlıq imkanlarından da bəhs edib və bildirib ki, Əlcəzair Neft İnstitutu magistratura, MBA proqramının formalaşmasında BANM təcrübəsindən yararlana bilər.

Bakı Ali Neft Məktəbinin kampusu ilə tanış olan, buradakı laboratoriyaları yüksək qiymətləndirən Əlcəzair Neft İnstitutunun icraçı direktoru Abdelkader Guenoune BANM-lə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Təmsil etdiyi İnstitut haqqında məlumat verən direkor qeyd edib ki, Əlcəzairin dövlət neft şirkəti “Sonatrach”ın təlim mərkəzi kimi fəaliyyət göstərən İnstitut növbəti ildən dərəcə proqramlarının tədrisinə başlamağı planlaşdırır və BANM-lə əməkdaşlıq İnstitutun yeni istiqamətdə fəaliyyəti üçün faydalı olar.

Görüşdə perspektiv əməkdaşlıq istiqamətləri, İnstitutun müəllimlərinin BANM-ə səfəri, buradakı təcrübənin öyrənilməsi və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib

.