Xəbərlər

Bakı Ali Neft Məktəbi ilə Bahçeşehir Universiteti arasında müqavilə imzalanıb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Bahçeşehir Universitetinin (BAU) rektoru professor Şirin Karadenizin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan Tələbə və Məzunlar Platformasının (ASAP) icraçı direktoru Rafael Hacıbəyli və nümayəndələri də iştirak ediblər.

Qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən Elmar Qasımov onlara BANM haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılan Bakı Ali Neft Məktəbi qısa müddətdə ən nüfuzlu ali təhsil müəssisələrindən birinə çevrilib. Rektor vurğulayıb ki, ölkə üzrə ən yüksək keçid balı BANM ixtisaslarınadır, Prezident təqaüdçülərinin sayına görə də BANM birincidir.

Bahçeşehir Universitetinin rektoru rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək bildirib ki, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq hər iki universitet üçün faydalı olacaq.

Sonra iki ali təhsil müəssisəsi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum tələbələrin, tədris, tədqiqat və təhsil proqramlarında iştirak üçün professor-müəllim heyətinin, mühazirə, müzakirə və təcrübə məqsədilə alimlərin mübadiləsini, hər iki universitetin maraq göstərdiyi sahələr üzrə nəşrlərin mübadiləsini, birgə peşəkar inkişaf, təhsil proqramları və digər məsələləri nəzərdə tutur.