Xəbərlər
SOCAR əməkdaşları üçün Layihələrin idarə edilməsi təlimi
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) şirkətin maliyyə dəstəyi, Ali Məktəb və “Baku School of Management” MMC-nin təşkilatçılığı ilə “Layihələrin idarə edilməsi” təlimi keçirilir.
Təlim Layihə İdarəetmə İnstitutunun təqdim etdiyi beynəlxalq Peşəkar Layihə İdarəetməsi sertifikatını əldə etmək istəyən layihə menecerlərinə və layihələrin idarə edilməsi üzrə mütəxəssislərə tələb olunan bilikləri qazandırmaq məqsədi daşıyır.
Açılışda çıxış edən BANM-in rektoru Elmar Qasımov təlimin əhəmiyyətindən bəhs edərək iştirakçıların layihələrin idarə edilməsi sahəsində lazımi bilik və bacarıqlar qazanacağına, əldə etdikləri biliklərin faydalı olacağına əminliyini bildirib.
SOCAR-ın İnsan Resursları Departamentinin rəis müavini Elnur Hüseynov iştirakçılara uğurlar arzulayıb və vurğulayıb ki, bu təlim onların imtahanda uğur əldə etməsi, qazandıqları biliklərin təcrübədə istifadə olunması baxımından əhəmiyyətlidir.
Təlimə SOCAR-ın 30 nəfər əməkdaşı qatılıb. İştirakçılar 2 qrupa bölünüb və təlim 5 həftəlikdir.
Təlim Los-Anceles Kaliforniya Universitetinin Layihə İdarəetməsi Proqramını fərqlənmə ilə bitirmiş, Kaliforniya İdarəetmə və Elmlər Universitetində Biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə malik Emil Məmmədov tərəfindən keçirilir.