Xəbərlər

SOCAR-ın Bakı Ali Neft Məktəbində Beynəlxalq Qadınlar Günü qeyd edilib

SOCAR-ın Bakı Ali Neft Məktəbində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan rektor Elmar Qasımov Ali Məktəbin xanım əməkdaşları, tələbə və məzunlarının timsalında bütün Azərbaycan xanımlarını təbrik edərək xoş diləklərini çatdırıb.

Rektor Azərbaycan qadınlarının tarix boyu mərdliyi, qəhrəmanlığı, cəsarəti ilə seçildiyini, eyni zamanda mədəniyyət, incəsənət, təhsil, səhiyyə və elmin müxtəlif sahələrində ön sıralarda olmaqla ölkəmizin inkişafına töhfə verdiklərini qeyd edib. Həmçinin böyük qürurverici hiss ilə vurğulayıb ki, Azərbaycan qadını tarixdə bir çox ilklərə imza atıb.

O, Ali Məktəbin əldə etdiyi uğurlarda da xanımların böyük rolu olduğunu, BANM-in inkişafında əvəzsiz xidmət göstərdiklərini qeyd edib.

Elmar Qasımov bildirib ki,  Bakı Ali Neft Məktəbinin pedaqoji heyətində çalışanların 63 %-i, idarəetmə aparatında işləyənlərin 51 %-i, xidmət sahəsində çalışanların 83 %-i qadınlardır. Rektor həmçinin əlavə edib ki, Bakı Ali Neft Məktəbi mühəndislik sahəsində ixtisaslaşan təhsil ocağı olsa da, hər il BANM-ə qəbul olan xanım tələbələrin sayı ilbəil artır.

Tədbir Ali Məktəbin Musiqi Klubunun üzvlərinin ifasında səsləndirilən mahnılar və müxtəlif hədiyyələrin təqdim olunduğu lotereya oyunu ilə davam etdirilib.

Tədbirdə həmçinin SOCAR tərəfindən 8 Mart münasibətilə hazırlanan videomaterial nümayiş olunub.

Sonda Xalq artisti, professor Azər Zeynalov xanımları təbrik edərək repertuarında yer alan məşhur musiqi əsərlərini ifa edib.