Xəbərlər
Bakı Ali Neft Məktəbinin rektoru “Mühəndislər üçün biznes təhsili” layihəsini başa vuranlara sertifikatlar təqdim edib
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəb və bp şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursu başa çatıb. BANM-də kursu başa vuran tələbələrə sertifikatlar təqdim olunub.
Tədbirdə çıxış edən rektor Elmar Qasımov proqramın gənclərə qazandırdığı bilik və təcrübədən bəhs edib. Rektor bildirib ki, tələbələr daim axtarışda olmalı, müxtəlif təlim və proqramlarda daim aktiv iştirak etməlidirlər.
Sonra Elmar Qasımov "Mühəndislər üçün biznes təhsili" proqramını başa vuran 50 iştirakçıya sertifikatları təqdim edib.
Azərbaycanda mühəndislik ixtisası üzrə təhsil alan digər universitet tələbələri də bu kursdan yararlana biliblər. Layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır.
Üç həftə davam edən proqram mühəndislər üçün ən vacib bacarıqları əhatə alan 6 moduldan ibarət olub.