Xəbərlər
Meksikanın Azərbaycandakı səfiri SOCAR-ın Bakı Ali Neft Məktəbində
Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub. Rektor Elmar Qasımov öncə Bakı Ali Neft Məktəbinin kampusunu gəzən səfirə Ali Məktəb haqqında ətraflı məlumat verib.
Təhsil sahəsində əməkdaşlığın vacibliyinə toxunan rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbinin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışırlar. Bu il ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 31-i Bakı Ali Neft Məktəbinin tələbəsidir.
Elmar Qasımov səfirə Meksikadakı ali təhsil müəssisələri ilə əməkdaşlığın yaradılması üçün dəstək göstərilməsini təklif edib. Səfir BANM ilə ölkəsinin ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkişafından bəhs edib. O, hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyinə toxunub. Səfir Meksika Neft İnstitutu (Mexican İnstitute of Petroleum) ilə BANM arasında əməkdaşlığın qurulmasının mümkün perspektivlərini vurğulayıb. Elmar Qasımov, həmçinin səfirə Bakı Ali Neft Məktəbində master-klas keçməyi təklif edib. Səfir bu təklifi məmnuniyyətlə qəbul edib.
Görüşdə, o cümlədən birgə gələcək əməkdaşlıq, tələbələrin və professor-müəlim heyətinin mübadiləsi müzakirə olunub. Ən qısa vaxtda real işlərə başlanmasına qərar verilib. Meksikalı diplomat Bakı Ali Neft Məktəbində yaradılan şəraiti yüksək qiymətləndirib.