Xəbərlər

BANM-də AMEA-nın 70 illik yubileyi qeyd olunub

   Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri, AMEA-nın vitse-prezidenti, əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, Akademiyanın digər üzvləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov respublikanın ali elmi qurumu Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 70 ili tamam olduğunu qeyd edərək Ali Məktəbin heyəti adından AMEA-nın bütün rəhbər heyətini, üzvlərini, ölkənin elm adamlarını bu əlamətdar gün münasibəti ilə ürəkdən təbrik edib. E.Qasımov AMEA-nın 70 ildə keçdiyi şərəfli tarixi yolundan danışaraq, ölkədə elmin milli sərvət kimi formalaşdırılmasında, yüksəkixtisaslı kadrların hazırlanmasında və Azərbaycanda elm cəmiyyətinin inkişafında Akademiyanın müstəsna rolu olduğunu qeyd edib. Azərbaycanda müstəqillik əldə edilən dövrdən dövlət tərəfindən bütün sahələrə, o cümlədən elmə böyük diqqət və qayğı göstərildiyini deyən rektor, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə elmin inkişafı strategiyasının aparıldığını və hal-hazırda bu strategiyanı uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-ci ildə “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamından söz açıb. E.Qasımov, həmçinin Akademiyanın dövlətçiliyin möhkəmləndirilməsində rolundan və cəmiyyətin sosial-iqtisadi tərəqqisinə verdiyi töhfələrdən bəhs edib. Sonda rektor AMEA-nın heyətinin bütün üzvlərinə elmi fəaliyyətlərində daha böyük uğurlar və nailiyyətlər arzulayıb.

 

AMEA-nın vitse-prezidenti, əməkdar elm xadimi, akademik İsa Həbibbəyli öz çıxışında BANM-in rəhbərliyinə Akademiyaya göstərilən xüsusi diqqətə və bu əlamətdar tədbirin keçirilməsinə görə öz təşəkkürünü bildirb. O, Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılması, elmi müəssisələrinin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının 70 il ərzində keçdiyi tarixi yolundan, inkişafından və əldə etdiyi uğurlardan ətraflı danışıb. Akademik İsa Həbibbəyli dövlət tərəfindən AMEA-nın fəaliyyətinə göstərilən qayğıdan bəhs edərək, ulu öndər Heydər Əliyevin 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verilməsi haqqında tarixi Fərman imzaladığını xatırlatıb və həmçinin 2003-il tarixli Fərmanın AMEA-nın hərtərəfli inkişafı üçün hüquqi zəmin yaratdığını, Akademiyanın fəaliyyət dairəsinin genişləndirdiyini, elmin davamlı inkişafını təmin etdiyini qeyd edib. Sonda İ.Həbibbəyli AMEA-nın 70 illik yubileyi münasibətilə bütün elm adamlarını təbrik edib, onlara elmi fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.

 

Tədbirdə çıxış edən AMEA-nın digər üzvləri Akademiyadakı çoxsahəli fəaliyyətlərindən, əldə etdikləri elmi nailiyyətləri ilə tədbir iştirakçıları ilə bölüşüb və keçirilən tədbirə görə BANM-in rəhbərliyinə öz təşəkkürünü bildiriblər.

 

Tədbirin sonunda AMEA-nın 70 il ərzində keçdiyi tarixi yolu, fəaliyyətini əks etdirən film nümayiş olundu.