Xəbərlər

SPE International-ın prezidenti BANM-də olub

   Bakı Ali Neft Məktəbində (BANM) “SPE International”-ın (Neft Mühəndisləri Cəmiyyəti) prezidenti Neytan Miihanın tələbələrlə görüşü keçirilib. Görüşdə BANM-in rektoru Elmar Qasımov, professor müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonağı salamlayaraq onu Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edib. Rektor E.Qasımov qonağa BANM-in yaranma tarixi, məqsədləri, fəaliyyət istiqamətləri, transmilli şirkətlərlə qurulan əməkdaşlıq və yeni istifadəyə veriləcək kampus haqqında ətraflı məlumat verib. E.Qasımov, həmçinin, tədrislə yanaşı tələbələr üçün istehsalat təcrübəsinin təşkilindəki müxtəlif beynəlxalq şirkətlərinin rolundan bəhs edib. Rektor BANM-in bir sıra tələbələrinin SPE-dəki fəaliyyətindən söz açıb və Ali Məktəbin 47 nəfər tələbələsinin 4-6 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək Neft Mühəndisləri Cəmiyyəti (NMC) İllik Texniki Konfransınin işində yaxından iştirak edəcəyini qeyd edib. O, həmçinin, gələcəkdə SPE-nin zəngin kitabxana resurslarının Ali Məktəbin tələbələrin istifadəsinə veriləcəyini bildirib. E.Qasımov gənc mühəndis tələbələrin belə peşəkar mütəxəssislərlə səmərəli görüşün təşkil olunmasını onların gələcək karyerası üçün faydalı təcrübə olduğunu və dünya görüşlərinin artmasına səbəb olduğunu vurğulayıb.

 

Öz növbəsində SPE International”-ın prezidenti Neytan Miihan çıxış edərək Azərbaycanın ən nüfuzlu Ali Məktəbində olmasından və ölkənin ən intellektual gəncliyi ilə görüşməkdən məmnunluq hissi keçirdiyini bildirib. O, SPE-nin müasir biliklərin cəmiyyətdə yayılmasında rolu, onun fəaliyyətinin əsas istiqamətləri, sənaye müəssisələri, elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin yaratdığı imkanlar və neft-qaz sənayesində həyata keçirilən innovasiyalar haqqında tələbələrə ətraflı məlumat verib. Həmçinin, Neytan Miihan hazırda Baker Hughes şirkətində Baş icra məsləhətçisi vəzifəsində çalışdığını tələbələrin diqqətinə çatdırıb və neft yataqlarının işlənməsi, ehtiyatların qiymətləndirilməsi, quyuların üfüqi analizi sahələrində 37 ildən artıq olan beynəlxalq təcrübəsindən bəhs edib. Həmçinin N.Miihan maraqlı təqdimatla çıxış edərək tələbələrlə öz həyat təcrübəsi ilə bölüşüb.

 

Sonra qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.

 

Sonda Ali Məktəbin rektoru Elmar Qasımov “SPE International”-ın prezidenti Neytan Miihanı BANM-in “Fəxri qonaq” diplomu ilə təltif edib.