Xəbərlər

Bakı Ali Neft Məktəbinin MBA və magistratura tələbələrinə Tələbə kartlarının təqdim edilməsindən

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 2022/2023-cü tədris ilində Biznesin idarə edilməsi (MBA) proqramı və magistratura üzrə BANM-ə qəbul olan tələbələrə Tələbə kartları verilib. Bu münasibətlə rektor Elmar Qasımovun rəhbərliyi və BANM-in müxtəlif şöbələrinin əməkdaşlarının iştirakı ilə tələbələrlə geniş tədbir təşkil edilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan təqdimat mərasimi Prezident İlham Əliyevin Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirakı və Ali Məktəb haqqında fikirlərini əks etdirən videomaterialla davam etdirilib.

Tədbiri giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib. Bu il Ali Məktəbə daxil olmuş MBA proqramı və magistratura tələbələrini təbrik edən rektor onlara uğurlar arzulayıb. Ali Məktəbin nailiyyətləri, göstəriciləri və məzunları, təlim-tədris prosesi haqqında ətraflı təqdimatla çıxış edən rektor bildirib ki, ən savadlı, bilikli, bacarıqlı, beynəlxalq və ölkə səviyyəli olimpiadaların qalibləri olmuş, orta məktəbi qızıl medal və Fərqlənmə attestatı ilə bitirən abituriyentlər BANM-i seçirlər: “Bakı Ali Neft Məktəbinin bakalavr səviyyəsinə olduğu kimi MBA proqramı və magistratura səviyyəsinə də böyük maraq var. Ali Məktəbimiz MBA proqramında hər biri 25 yer olmaqla 4 ixtisas üzrə 100 yer təklif edir və bu yerlərə qəbul 100 % dolub. Yüksək rəqabət mühitində bu göstəriciyə nail olmaq böyük uğurdur. Bu tədris ilində 20 fərqli universitetin məzunları təhsillərinin növbəti pilləsini BANM-də davam etdirmək üçün bizi seçiblər. Bu bizim üçün çox qürurverici haldır. Fəxrlə deyə bilərik ki, 11 il əvvəl cənab Prezident İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılan və SOCAR-ın insan resurslarının inkişafı strategiyasına xidmət edən ən önəmli layihələrindən biri olan Bakı Ali Neft Məktəbi təqdim etdiyi bütün ixtisaslar və təhsilin bütün pillələri üzrə ən yüksək göstəricilərə nail ola bilib”.

Bakı Ali Neft Məktəbinin tələbələri ilə qürur duyduğunu vurğulayan Neft- qaz mühəndisliyi kafedrasının professoru, əməkdar müəllim Fuad Vəliyev bildirib ki, BANM-də sadəcə peşəkar kadrlar deyil, həm də milli dəyərlərə malik, vətən sevgisi olan ziyalılar yetişir.

Tədbirdə çıxış edən bu il MBA proqramına qəbul olunmuş Cavid Məcidov isə çıxışında yenidən bu Ali Məktəbin tələbəsi olmaqdan qürur duyduğunu bildirib.

Sonra rektor Elmar Qasımov tələbə adını qazanmış gənclərə tələbə kartlarını təqdim edib.

Tədbirdə Sosial şəbəkələrdə aktivlik və BANM haqqında, tədrisin, imtahanların təşkili və keçirilməsi, daxili intizam qaydaları, apellyasiya şikayətlərinin elektron qəbulu üzrə qaydalar, e-poçt ünvanlarından, turniketdən istifadə, biometrik qeydiyyat haqqında təqdimatlar edilib.

Tələbələrə, həmçinin davranış qaydaları, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, Yaşayış – idman kompleksindən istifadə qaydaları və idman klublarında, tələbə klublarında iştirak haqqında ətraflı məlumatlar verilib

#BANM #BHOS #SOCAR #MBA #tələbəkartları