Xəbərlər
BANM-də əfqan tələbələr təhsil alacaqlar
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və Əfqanistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Tağı Xəlili BANM-də görüş zamanı bu haqda razılığa gəliblər.
Səfir Məhəmməd Tağı Xəlilini salamlayan rektor Elmar Qasımov onu Ali Məktəbdə görməkdən məmnunluğunu bildirdi. Elmar Qasımov Azərbaycanla Əfqanıstanın tarix və mədəniyyət baxımından yaxın ölkələr olduğunu bildirdi. O, Azərbaycanla Əfqanıstan arasında əlaqələrin inkişafında səfirin böyük rolu olacağına inamını ifadə etdi. Rektor qonağa BANM-in yaranma tarixi haqqında danışaraq bu Ali Məktəbin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın tərkibində yaradıldığını vurğuladı. O, bildirdi ki, Ali Məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır. Azərbaycanın ali təhsil müəssisələrinin fəaliyyəti haqqında danışan E.Qasımov BANM-in ölkəmizdə öndə gedən ali təhsil ocağı olduğunu dedi. E.Qasımov SOCAR-ın fəaliyyətindən söz açaraq şirkətin həyata keçirdiyi layihələrə diqqət çəkdi. O, Ali Məktəbdə təhsilin ödənişsiz olduğunu və tədrisin ingilis dilində aparıldığını qonağın diqqətinə çatdırdı. BANM-də üç ixtisas üzrə yüksək ixtisaslı mühəndis kadrların hazırlandığını deyən Elmar Qasımov Ali Məktəbin kampusu haqqında söz açdı. O, kampusun Qafqazda ən böyük kampus olacağını bildirdi. İşlərin artıq yekunlaşdığını deyən rektor ilin sonuna qədər tamamlama işlərinin başa çatacağını diqqətə çatdırdı. Kampusun layihəsi ilə səfiri tanış edən Elmar Qasımov orada tələbələr üçün yaradılan şəraitdən söz açdı. O, hər il qəbul imtahanında ən yüksək bal toplayan tələbələrin BANM-ə daxil olduğunu deyərək, Prezident təqaüdçüsü adını qazanan Ali Məktəbin tələbələrinin sayının ildən-ilə artdığına diqqət çəkdi. Rektor BANM-də tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğuladı. E.Qasımov tələbələrin SOCAR-da, o cümlədən BP, Total, Schlumberger, Emerson, Schneider Electric kimi bir sıra beynəlxalq şirkətlərdə istehsalat təcrübəsi keçdiklərini xatırlatdı. O, bildirdi ki, BANM-in məqsədi SOCAR-la yanaşı, dünyanın bütün tanınmış neft-qaz və kimya sənayesi şirkətləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır. Elmar Qasımov əfqan tələbələrin BANM-də təhsil alması ilə bağlı təklifini bildirərək, əfqan xalqı üçün mütəxəssis hazırlığını həyata keçirmək məqsədilə səfiri bu istiqamətdə əməkdaşlığa dəstək verməyə çağırdı. Elmar Qasımov BANM-in yeni tədris ilində əfqan tələbələri qəbul etməyə hazır olduğunu bildirdi.
“Səfir Məhəmməd Tağı Xəlili Azərbaycanda olmaqdan və Bakı Ali Neft Məktəbinə gəlişindən məmnun olduğunu dedi. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəsinə göstərdiyi davamlı dəstəyi çox yüksək qiymətləndirdi. O, özünü Azərbaycan xalqına çox yaxın hiss etdiyini bildirdi. İyirmi il öncə Azərbaycanda olduğunu deyən səfir Azərbaycan xalqının mehriban dostlugunu həmişə xatırladığını bildirdi. O, həmçinin illər öncə gördüyü Bakı ilə indiki şəhər arasında böyük fərq olduğunu deyərək bu inkişafın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi ilə həyata keçirildiyinə əminliyini ifadə etdi. O, inkişafın səviyyəsindən məmnun qaldığını bildirdi. Azərbaycan hökumət nümayəndələri ilə bir sıra görüşlər keçirdiyini deyən səfir SOCAR rəhbəriliyi ilə görüşdüyünü də vurğuladı. Məhəmməd Tağı Xəlili bütün görüşlərdəki müzakirələrdə təhsilin gündəmdə olduğunu bildirdi. Əfqan tələbələrin BANM-də təhsil alması ilə bağlı təklifə görə BANM-in rektoruna minnətdarlığını ifadə edən səfir, öz növbəsində, bu istiqamətdə hərtərəfli dəstək verməyə hazır olduğunu dilə gətirdi.
Görüşdə, eyni zamanda, qarşılıqlı əməkdaşlıq, o cümlədən tələbə mübadiləsi və təqaüd proqramının həyata keçirilməsi haqqında müzakirələr aparıldı.
Sonda Ali Məktəbə və tələbələrə “Neftçi” klubunun simvolik hədiyyələri təqdim olunub.