Xəbərlər
Bakı Ali Neft Məktəbinin rektoru Fransada işgüzar səfərdə olub
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Erasmus+ layihəsi çərçivəsində Fransada təşkil edilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı təlim proqramında iştirak edib. Tədbir Bakı Biznes Universitetinin (BBU) koordinatorluğu və Avropa Komissiyasının (AK) maliyyə dəstəyi ilə həyata keçirilib.
Fransa Beynəlxalq Təhsil təşkilatında keçirilən ilk görüşdə layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri, prorektorlar, o cümlədən digər səlahiyyətli universitet nümayəndələri iştirak ediblər. Təşkilatın beynəlxalq əlaqələr üzrə koordinatoru və Rouen universitetinin keçmiş prezidenti Jean-Luc Nahel tədbiri giriş sözü ilə açaraq bütün qonaqları salamlayıb və Fransada görməkdən məmnunluğunu ifadə edib. Təşkilatın təhsil əməkdaşlığı departamentinin direktor müavini Bruno Kurval isə layihə çərçivəsindəki sıx əməkdaşlığın uğurla davam etdiyini və təlim proqramının faydalı olacağını vurğulayıb.
Rennes Universitetinin prezidenti David Alis tədbirdə onlayn formatda iştirak edərək “Rektor konfranslarında komitələrin rolu və fəaliyyəti” mövzusunda geniş təqdimatla çıxış edib. O, konfransın tərkibində fəaliyyət göstərən müvafiq komitələrin vacibliyinə toxunaraq onların fəaliyyət istiqamətləri, təşkilati strukturu, funksiyaları barəsində təcrübələrini bölüşüb. Çıxışlardan sonra iştirakçılar arasında faydalı müzakirə və fikir mübadilələri aparılıb.