Xəbərlər
Bakı Ali Neft Məktəbinin rektoru Polşada işgüzar səfərdə olub
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Polşada işgüzar səfərdə olub. Bakı Biznes Universitetinin (BANM) koordinatorluğu ilə həyata keçirilən səfərdə BANM-in tədris və elmi işlər üzrə prorektoru Zəfər Qurbanov və ümumi işlər üzrə prorektoru Babək Məmmədov da iştirak ediblər.
İşgüzar səfərin ilk görüşü Varşava İqtisadiyyat Məktəbində baş tutub. İclasda Azərbaycan Respublikası təhsil nazirinin müşaviri, layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları və digər səlahiyyətləri nümayəndələr, eləcə də Magna Charta Müşahidə Şurasının, Macarıstan Rektorlar Konfransının nümayəndələri iştiak ediblər.
Tədbiri giriş sözü ilə açan Varşava İqtisadiyyat Məktəbinin rektoru Piotr Wachowiak universitet haqqında geniş təqdimatla çıxış edib. Daha sonra rektor Polşa Rektorlar Konfransına üzv olmağın universitet üçün faydalarından və prezidenti olduğu Varşava Ali Təhsil Müəssisələrinin Rektorlar Konfransı barəsində danışıb.
Polşa Rektorlar Konfransının prezidenti Arkadiusz Mezyk isə Azərbaycan nümayəndə heyətini salamlayıb və əməkdaşlıqdan məmnunluq duyduqlarını ifadə edib. O, Konfransın yaradılması ilə bağlı vacib məqamlara toxunub, konfransın tarixi, hüquqi forması, statusu, daxili idarəetməsi, əsas fəaliyyət istiqamətləri, qərarvermə prosesi, daimi heyəti, o cümlədən konfransın katibliyinin vəzifələri haqqında toplantı iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra çıxış edən Almaniya Rektorlar Konfransının Mərkəzi və Şərqi Avropa, Şərqi Asiya departamentinin rəhbəri Rudolf Smolarczyk Rektorlar Konfransının ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, eləcə də ölkədə universitetlərin koordinasiyalı fəaliyyət göstərməsi baxımından vacib olduğunu vurğulayıb. Yekunda toplantı iştirakçıları və Rektorlar Konfranslarının nümayənədləri arasında suallar əsasında faydalı müzakirələr aparılıb.