Xəbərlər

BANM-in tələbələri Ali Məktəbin qaydaları haqqında təlimatlandırılıblar

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinə Ali Məktəbin daxili qaydalarına dair təlim keçirilib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun, prorektorların, şöbə və kafedra müdirlərinin iştirakı ilə keçirilən təlimdə BANM-in tələbələrinə tədris proqramı, tədrisdə tətbiq olunan müasir texnologiyalar, təhlükəsizlik texnikası və daxili intizam qaydaları haqqında ətraflı məlumat verilib.

Çıxış edən BANM-in rektoru Elmar Qasımov yeni tələbələri BANM-in ailəsinin yeni üzvləri kimi görməyə şad olduğunu bildirib və onların üzərində 5 illik təhsil öhdəliyi olduğunu vurğulayıb. E.Qasımov təlimin bütün tələbələr üçün Ali Məktəbin mühitinə və daxili qaydalarına uyğunlaşmaları baxımdan faydalı olacağını qeyd edərək onları qarşıdakı təhsil illərində məsuliyyətli və əzmkar olmağa çağırıb.

Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətov tələbələrə Ali Məktəbin tədris proqramı, imtahanların təşkili və keçirilməsi qaydaları, tədrisdə tətbiq olunan müasir texnologiyalar haqqında məlumatlandıraraq, onlara öz tövsiyyələrini verib.

Təqdimatlarla çıxış edən BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı, Elektron tədris şöbəsinin metodisti Elnur Səfərli, Rəhbərlik yanında aparatda əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ekologiya üzrə mühəndisi, Xanım Ağasıyeva tələbələrə daxili intizam qaydaları, biometrik elektron davamiyyət sistemi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları haqqında məlumat verərək onları təlimatlandırıblar.

Sonda tələbələrin təklifləri və sualları rəhbərlik tərəfindən müzakirə olunub və cavablandırılıb.

Qeyd edək ki, bu təlimlər davamlı olaraq keçirilir.