Xəbərlər

Bakı Ali Neft Məktəbi 9-cu Azərbaycan Beynəlxalq Təhsil sərgisində

Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan 9-cu Azərbaycan Beynəlxalq Təhsil sərgisində təmsil olunur. Öz miqyasına, həm də tərkibinə görə Azərbaycanda təhsil xidmətləri üzrə ən böyük tədbir hesab olunan sərgidə Bakı Ali Neft Məktəbinin (BANM) stendi də nümayiş olunur.

 

Sərginin açılış mərasimində BANM-in rektoru Elmar Qasımov, Ali Məktəbin prorektorları, professor-müəllim heyəti, əməkdaşları və tələbələri də iştirak edib. Rektor Elmar Qasımov Ali Məktəbin sərgidə nümayiş olunan stendinə baş çəkib, stendlə maraqlanan iştirakçıların müraciətlərini dinləyib, suallarını cavablandırıb. BANM-in Beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova və Keyfiyyətin təminatı şöbəsinin mühəndisi Humay Abdullayeva stendlə tanış olan iştirakçıların suallarını cavablandırır, BANM haqda iştirakçılara geniş məlumat verirlər.

 

Qeyd edək ki, 9-11 oktyabr tarixlərində keçirilən sərgi Azərbaycan gənclərinə təhsil sahəsində çoxsaylı seçim imkanları təklif edən unikal platformadır. Bu il “Təhsil” sərgisində Azərbaycan, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, ABŞ, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin 130-dan çox ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edirlər. Sərgidə Azərbaycanlı tələbələr üçün xaricdə təhsil imkanları barədə məlumatlar Latviya, Litva, Polşa, Türkiyə və ABŞ-ın stendlərində təqdim olunur.

 

Xatırladaq ki, təhsil sərgisi oktyabr ayının 11- dək davam edəcək.