Xəbərlər
Bakı Ali Neft Məktəbinin "Oğuz"unu qalib edən “Nilay-44”
Bakıda ilk dəfə keçirilən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı - "Teknofest"də qalib olan komandalardan biri də Bakı Ali Neft Məktəbinin (BANM) "Oğuz" komandasıdır. Komanda BANM-ni iki müsabiqədə təmsil edib. "Oğuz" "Teknofest"də "Robotexnika" müsabiqəsi üzrə II yerə, "Planer" müsabiqəsi üzrə isə III yerə sahib olub.
"Oğuz" komandasının mentoru Nicat Həsənov, üzvləri Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 4-cü kurs tələbələridir. Komanda üzvləri ilə söhbətləşmişik.
- “Teknofest”də birinci yerə layiq görülən layihənizin fərqliliyi nədir?
Nicat Həsənov - "Oğuz" komandasının mentoru. Bakı Ali Neft Məktəbinin müəllimidir.
- “Planer” müsabiqəsində bütün komandalarda eyni layihə idi, sadəcə olaraq verilən tapşırıqların düzgün yerinə yetirilməsi önəmli idi. "Robotexnika" müsabiqəsində isə 6 ayaqlı robot layihə hazırlanmışdı. Tələbələrin özlərinə məxsus bu ideya möhtəşəm idi. Çünki dağıntılar altında qalan insanlara kömək məqsədi ilə ərsəyə gətirilb. Layihəyə II Qarabağ müharibəsində erməni terroru zamanı Gəncəyə atılan raket nəticəsində atası, anası və nənəsini itirən 2 yaşlı Nilaya ithaf olaraq “Nilay-44” adı verilib. Burada texnikanın insanların dostu olması, onlardan konstruktiv məqsədlərlə istifadə edə biləcəyimiz ismarıcı verilir. Komanda bunun öhdəsindən müvəffəqiyyətlə gələ bildil. "Oğuz" komandası qalib olmaq üçün hər bir əziyyətə qatlanmağa hazır idi. “Teknofest” gənclərin gələcəyi üçün çox böyük yatırımdır. Bu festival sayəsində tələbələrin kreativlik, menecment, idarəetmə qabiliyyətləri, çətin vəziyyətlərdən çıxma, problemləri həll etmə, fokuslanma kimi bir çox keyfiyyət və qabiliyyətləri üzə çıxdı.
- “Teknofest” sizə nə qazandırdı?
Nəzrin Qurbanova - "Oğuz" komandasının kapitanı
- "Robotexnika” müsabiqəsində qalib gələn layihəmiz insanların daxil ola bilmədiyi ərazilərə daxil olaraq oradakı məlumatları əldə edən robot modelin hazırlanması olub. Həmin robot vasitəsilə insanlar dağıntılar altına və ya əlçatmaz ərazilərə daxil olmadan oradakı vəziyyətlə tanış ola bilərlər və ətrafın görüntüsü, nəmlik, temperatur, qaz sızması kimi məlumatları əldə edə bilərlər. “Planer” müsabiqsi üzrə isə öz təyyarə modelimizi hazırlamışdıq. “Teknofest” biz tələbələr üçün öz bacarıqlarımızı inkişaf etdirmək, universitetdə öyrəndiklərimizi tətbiq etmək baxımından böyük bir şans və motivasiya oldu. Robot modelimizi hazırlayarkən gördük ki, bu sahəyə marağımız var və BANM-də aldığımız təhsil sayəsində bu sahədə irəliləyə bilərik.
Gülüstan Abdullayeva - "Oğuz" komandasının üzvü
- “Teknofest” sayəsində bir çox bacarqlar əldə etdik, öz üzərimizdə işləyərək biliklərimizi inkişaf etdirə bildik, real avadanlıqlarla işləmə şansımız oldu, bütün fikirlərimizi reallaşdıra bildik. Qalibiyyət bizə layihəmizi inkişaf etdirmək üçün yollar açdı. Artıq bizə iş təklifləri gəlir. Qələbədən sonra hədəflərimiz böyüdü.
Firəngiz Hümbətova - "Oğuz" komandasının üzvü
- Nəzəriyyə olaraq keçdiyimiz dərslərimizi təcrübə olaraq da hazırladığımız robot üzərində həyata keçirdik və biliklərimizi hansı sahədə istifadə edə biləcəyimizi öyrəndik. Layihə üzərndə işləyərkən bir daha əmin oldum ki, elektronika sahəsində mütəxəssis olmalıyam, öz üzərimdə işləyib peşəkar səviyyəyə çatmalıyam.
Ağamirzə Fətəliyev - "Oğuz" komandasının üzvü
- Biz II Qarabağ müharibəsi zamanı dağıntılar altında qalan insanları, fövqəladə hallar vəziyyətində işləyən insanları düşünərək kiçik robotlardan faydalı formada istifadə edə bilmək üçün belə bir robot hazırlamaq qərarına gəldik. Əsas məqasədimiz robotların düzgün istifadə edilməsidir və bunu insanların xilas edilməsi, onlara kömək olunmasına yönəltdik. Robotu xilasedici kimi istifadə etdik. Gələcəkdə robot-xilasedicilər yaratmağı düşünürük. “Teknofest” zamanı ideyalarımızı insanlarla bölüşdük. Eyni zamanda bir çox sahədə bilik və bacarıqlarımızı artırdıq. “Teknofest” bizim üçün sadəcə bir başlanğıcdlr. Gələcək üçün daha böyük planlarımız var.
Aysel Abdullayeva - "Oğuz" komandasının üzvü
- “Teknofest” bizə ilk növbədə komandada işləmək bacarığı qazandırdı. Qələbədən sonra gördük ki, daha çox şeylər bacara bilərik. Festivalda təqdim etdiyimiz layihəmiz robotların insanlara dəstəyini, robotla insanın birliyi və bu birlikdən faydanlanmağı göstərir. Festivaldan sonra qərara gəldim ki, elektronika üzrə bilik və bacarıqlarımı daha da inkişaf etdirim.

