Xəbərlər
135 min dollar təqaüd qazanan tələbə: “BANM-dəki dərslər və elmi konfrans təqaüd qazanmağımda böyük rol oynadı”
İsa Cəfərov Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsidir. O, magistratura təhsili almadan birbaşa ABŞ-də tam təqaüdlə doktorantura pilləsinə qəbul olunub. İsa Nyu-York Şəhər Universitetində (City University of New York) Kompüter elmləri ixtisasının kibertəhlükəsizlik istiqaməti üzrə təhsil alacaq. Onun bu universitetdən qazandığı təqaüdün məbləği 135 min ABŞ dolları təşkil edir. İsa 2017-ci ildə Bakı Ali Neft Məktəbinə 695 balla daxil olub. O, “Bank Respublika”da İnformasiya təhlükəsizliyi mütəxəssisi, eyni zamanda “Cyrex” şirkətində Sızma/nüfuzetmə mütəxəssisi vəzifələrində çalışır. BANM-in uğurlu tələbəsi ilə müsahibəni təqdim edirik:
- İsa, əldə etdiyiniz uğurda Bakı Ali Neft Məktəbində aldığınız təhsilin hansı rolu olub?
- Bakı Ali Neft Məktəbində keçdiyim dərslər məndə İKT sahəsinə xüsusi maraq oyatdı. Bu maraq sayəsində müxtəlif resurslardan da proqramlaşdırma və kibertəhlükəsizlik haqqında öyrənməyə başladım. BANM-də təşkil olunmuş Tələbə və Gənc Tədqiqatçıların Beynəlxalq Elmi Konfransları da mənə sevdiyim sahədə araşdırma aparmağa imkan yaratdı. 2021-ci ildə ümummilli lider Heydər Əliyev anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfranslarına ilk dəfə məqalə təqdim etdim. Yazdığım bu məqalənin konfrans jurnalında dərc olunması və hazırda apardığım digər bir araşdırma ABŞ-də tam təqaüdlü doktorantura təhsili qazanmağımda böyük rol oynadı.
- Nəyə görə ABŞ-də təhsil almaq qərarını verdiniz və bu uğura necə nail oldunuz?
- Araşdırmaçıların yeni nəsil təhlükəsizlik boşluqları kəşf etməsini gördükcə, məndə də araşdırma aparmağa həvəs yarandı. Bu sahədə aparılan bəzi araşdırmaları oxuyanda, müəllifin kreativliyi və çətin bir layihə üzərində komandası ilə birlikdə uzun müddət işləyib, sonda uğurlu nəticə almasını gördükcə mən də gələcəkdə araşdırmaçı olmaq qərarına gəldim. Buna görə də doktorantura proqramları ilə maraqlanmağa başladım. ABŞ-nin bu sahədə qabaqcıl ölkə olduğunu bildiyim üçün orada təhsil almağa fokuslandım. Mənimlə eyni maraqları olan və fəal şəkildə araşdırma aparan professorlarla əlaqə yaratdım. Uzun müddət davam edən müsahibələrdən sonra professor doktoranturaya maraq göstərdiyimi və texniki biliklərimin kifayət qədər olduğunu görüb məni komandasına dəvət etdi.
- 5 il ərzində Bakı Ali Neft Məktəbində hansı sosial fəaliyyətləriniz olub? Bu fəaliyyətlər sizə nə qazandırıb?
- Bakı Ali Neft Məktəbinin İntellektual Oyunlar Klubunun təşkil etdiyi müsabiqələrdə aktiv iştirak edirdim. Bu yarışların rəqabətli olması məni cəlb edirdi. Bu Klubun təşkil etdiyi müsabiqələr həm də intellektual biliklərimi artırmaqda böyük rol oynadı.
- ABŞ-dəkı Universiteti hansı xüsusiyyətlərinə görə seçdiniz?
- Mənim üçün ən vacib amil aparılan araşdırmanın sahəmə yaxın olması idi. Məsələn, naqilsiz şəbəkə təhlükəsizliyi sahəsində araşdırma həyata keçirən bir professor da məni komandasına dəvət etmişdi, amma o sahə maraq dairəmə uyğun olmadığı üçün həmin universiteti seçmədim.