Xəbərlər

BANM-in tələbələri BP-nin müsabiqəsində qalib olublar

Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-qaz mühəndisliyi" ixtisası üzrə IV kursda təhsil alan 2 tələbəsi - Fidan Səlim-zadə və Riyad Muradov, o cümlədən “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi İnsafəli Səmədov iyulun 2-dən sentyabrın 10-dək BP şirkətində yay istehsalat təcrübəsində olublar. Tələbələr BP-nin yay təcrübə proqramına qoşularaq, şirkətin keçirdiyi “Texno Fest” adlı müsabiqədə qalib olublar. Belə ki, Fidan Səlim-zadə I yeri, Riyad Muradov isə, III yeri qazanıblar. Yay təcrübəsində olarkən onlar öz layihələri ilə çıxış ediblər. Layihələrin qiymətləndirilməsində əsas kriteriyalar texniki üstünlük, təhlükəsizlik, əməliyyat riskləri və biznesin təsiri olub. Tələbələr sözügedən kriteriyalara görə seçiliblər.

 

Məlumat üçün bildirək ki, BP-nin hər il həyata keçirdiyi "Texno Fest" adlı müsabiqə qlobal bir müsabiqədir və texniki sahədə innovasiyalara yönəlmiş ideyaların dəstəklənməsinə xidmət edir. BP-də çalışmaq arzusunda olan və BP-də yay təcrübəsi keçənlər, o cümlədən tələbələr üçün hər il şirkətdə “Texno Fest”yarışı təşkil olunur. Hər il gənc mühəndislər öz layihələrini təqdim etmək, təcrübə və nəticələri ilə bölüşmək imkanı qazanırlar.