Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbələri 25 min manat investisiya qazanıblar
Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbələri Hüseyn Abızadə və Fərhad Ağayev SABAH.lab proqramının 25 min manatlıq ilkin investisiyasını qazanıblar.
BANM tələbələrinin 6 ildən çox təcrübəyə malik professional stilist və "Parcha" brendinin yaradıcısı Aysel Sadıqova ilə birlikdə təqdim etdikləri "Clother" startapı şopinq təcrübəsinin ən asan yolunu təqdim edir.
“Clother" komandası ilkin investisiya haqqını aprelin 21-də SABAH.lab proqramı çərçivəsində keçirilən "Demo Day"də uğurlu çıxışa əsasən mentorlar və İdarə Heyəti tərəfindən dəyərləndirilərək əldə ediblər.
Qeyd edək ki, BANM tələbələri "Azerbaijan 500 ASAN Startup" proqramını uğurla başa vurduqdan sonra SABAH.lab proqramına qəbul olmuşdular. SABAH.lab Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İnstitutunun dəstəyi ilə fəaliyyətə başlayıb. SABAH.lab-ın əsas məqsədi Azərbaycanda və regionda innovasiyaların əsasını qoymaq, iqtisadi inkişafa təkan vermək üçün ölkədə rəqabətli ekosistem yaratmaq və sahibkarlıq ruhunu yüksəltməkdir.
Tələbələrimizə proqram ərzində bol şans diləyir, onlarla qürur duyur və uğurlarının davamını arzulayırıq!
#banm #bhos #startap #investisiya #sabahlab




