Xəbərlər

Bakı Ali Neft Məktəbinin Mini futbol yarışının finalı keçirildi

Bakı Ali Neft Məktəbinin yaradılmasının 10 illiyinə həsr edilən Spartakiada çərçivəsində təşkil edilən Mini futbol yarışının final oyunu keçirildi. Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbələrinin “Drilling Ertughrul” və Kimya mühəndisliyi ixtisasının eyni kurs tələbələrinin “Alkolik Bilbao” komandası arasında keçirilən final oyununda “Drilling Ertughrul” komandası 5:4 hesabı ilə qalib oldu.

Ali Məktəbin kampusunda keçirilən final oyununun açılışında SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, bp şirkətinin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Rəşad Allahverdiyev iştirak ediblər.

Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov iştirakçılara uğurlar arzulayaraq bildirib ki, BANM-in 10 illik yubileyinə həsr edilən Spartakiada çərçivəsində keçirilən bu yarış Ali Məktəbin birliyinin təcəssümüdür: “Ötən il Bakı Ali Neft Məktəbinin yaradılmasının 10 illiyi tamam oldu. Biz artıq növbəti mərhələyə qədəm qoymuşuq. BANM-də yüksək səviyyədə tədris həyata keçirilməklə yanaşı, tələbələrin sosiallaşması üçün də əlimizdən gələni edirik. Bu cür yarışlar da sosiallaşma, Ali Məktəbdə kollektivçilik ruhunun formalaşması üçün əhəmiyyətlidir”.

Sonda oyunçular mükafatlandırıldı və çempion komandaya kubok təqdim edildi.

#banm #minifutbol #spartakiada #çempion #bhos