Xəbərlər
Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır
Bakı Ali Neft Məktəbində (BANM) 2015/2016-cı tədris ilinin başlanması münasibəti ilə təntənəli mərasim keçirilib. Tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell, o cümlədən SOCAR-ın vitse-prezidentləri və struktur rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və beynəlxalq transmilli şirkətlərin rəhbərləri, eyni zamanda Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.
Tədbiri giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbir iştirakçılarını və qonaqları salamlayaraq onları bu əlamətdar gündə BANM-də görməkdən məmnun olduğunu ifadə edib və dəvəti qəbul etdikləri üçün hər birinə kollektiv adından minnətdarlığını bildirib. Rektor Elmar Qasımov 2015/2016-cı tədris ilində yüksək bal toplayaraq BANM-in tələbəsi adını qazanmış tələbələri yeni tədris ili münasibəti ilə təbrik edib. Ali Məktəbin qısa zamanda əldə etdiyi uğurları, görülən işlər və perspektivlər haqqında qonaqları məlumatlandıran E.Qasımov bildirdi ki, bu il TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Ali Məktəb üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticənin respublika üzrə ən yüksək nəticə olduğunu qeyd edən Elmar Qasımov hər üç ixtisas üzrə ötən illərə nisbətən bütün göstəricilərdə dinamika müşahidə olunduğunu qeyd edib. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olub. Bu abituriyentlər Qubadlı, Bərdə və Bakı məktəblərinin məzunlarıdır. Bakı Ali Neft Məktəbinə qəbul olmuş abituriyentlərdən 10 nəfəri orta məktəbi qızıl, 2-si gümüş medalla bitirib. Bakıda təhsil almış abituriyentlərin sırasında akademik Zərifə Əliyeva adına liseyin 6, 70 №-li məktəb-liseyin 3, Bakı Avropa liseyinin 3, Kimya-biologiya təmayüllü liseyin 3 məzunu var. Rektor Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BANM-in yaradılması haqda Fərmanını vurğulayaraq, Ali Məktəbin yaradılmasının “Biz neft kapitalını insan kapitalına çevirməliyik” sözlərinin reallaşması istiqamətində bariz nümunə olduğunu dedi. Rektor E.Qasımov Ümummillider Heydər Əliyevin fərmanı ilə təsis edilmiş “20 sentyabr-Neftçilər günü” münasibəti ilə bütün Azərbaycan neftçilərini ürəkdən təbrik etdi və BANM-in tələbələrinin gələcəkdə yüksək ixtisaslı mütəxəssislər kimi bu sahəyə öz töhfələrini verəcəyindən əminliyini ifadə edib.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Ali Məktəbin kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib. Rövnəq Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Ali Məktəbin qısa müddət ərzində infrastrukturunun yaradılması, kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görüldüyünü və bunun nəticəsində yüksək nailiyyətlər əldə edildiyini bildirib. O qeyd edib ki, hər il olduğu kimi, 2014/2015-ci tədris ilində Bakı Ali Neft Məktəbinin fəaliyyəti aktiv olub. Belə ki, beynəlxalq şikətlərlə yeni əməkdaşlıqlara başlamaqla, tədrisin yüksək səviyyədə aparılması üçün müasir texnologiyaların tətbiqini genişləndirməklə və digər yüksək göstəriciləri ilə yeni uğurlara imza atıb. Rövnəq Abdullayev BANM-də 2015/2016-cı tədris ilində də aparılan işlərin davam etdiriləcəyinə, fəaliyyətinin daha da genişlənəcəyinə, bu yeni tədris ilində tələbələrin daha aktiv olacaqlarına inamını ifadə edib. O, BANM-ə yeni qəbul olmuş tələbələri və onların valideynlərini təbrik edib.
TQDK-nın sədri Məleykə Abbaszadə çıxış edərək tələbələri test imtahanlarında əldə etdikləri yüksək nəticələrə və Bakı Ali Neft Məktəbinin tələbələri adını qazandıqlarına görə təbrik edib. Məleykə Abbaszadə BANM-in bir çox göstəricilərə görə ali məktəblər arasında lider olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, BANM çox böyük nəticələr əldə edib, bu il qəbulda minimal bal 659 olub. Bunun yüksək nailiyyət olduğunu bildirən M.Abbaszadə, eyni zamanda böyük məsuliyyət olduğunu da qeyd edib. Sonda tələbələrə dərslərində uğurlar arzu edərək, onları dövlətimiz tərəfindən yaradılan əlverişli şəraitdən sözün yaxşı mənasında maksimal dərəcədə istifadə etməyə çağırıb.
BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbi ilə təmsil etdiyi şirkətin əlaqələrindən söz açaraq, ikitərəfli əməkdaşlığın inkişafından məmnunluğunu bildirdi. Qordon Birrel BANM-in yüksək səviyyəli gənc peşəkar kadrların hazırlanmasında rolunu yüksək qiymətləndirdi. O, dedi ki, BANM BP-nin ən yaxın tərəfdaş Ali Məktəbidir. Qordon Birrell tələbələri təbrik edərək onlara təhsildə uğurlar arzuladı.
Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasına 700 bal toplayaraq qəbul olan İsa Məmmədli çıxış edərək Ali Məktəbin tələbəsi adını qazandığı üçün fəxr və sevinc hissi keçirdiyini dedi. İsa Məmmədli vurğuladı ki, BANM-ə qəbul olmaq onun ən böyük arzusu olub və o, bu arzusuna çatıb. O, yüksək səviyyədə təhsil üçün BANM-də yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi.
SOCAR-ın xaricdə təhsillə bağlı təqaüd proqramı ilə Londonda “İmperial College” də təhsil almış və hazırda BANM-in “Kimya mühəndisliyi” kafedrasının baş müəllimi vəzifəsində çalışan Sənan Eminov gənclər üçün xaricdə təhsil imkanı yaratdığına görə SOCAR rəhbərliyinə, Ali Məktəbə dəvət etdiyinə görə BANM-in rəhbərliyinə təşəkkürünü bildirdi. O, ölkənin ən müasir Ali Məktəbində fəaliyyət göstərəcəyindən çox şad olduğunu və ona göstərilən bütün etimadları doğruldacağını qeyd etdi.
Tədbirdə 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-qaz mühəndisliyi" ixtisasına qəbul olan Nihad Abbasovun valideyni Natiq Abbasov çıxış edərək övladının Azərbaycanın ən nüfuzlu Ali Məktəbində təhsil alacağına görə sevinc hissləri keçirdiyini bildirib. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə təhsil sahəsində yaradılan şəraitə, həyata keçirilən uğurlu təhsil islahatlarına görə təşəkkürünü ifadə edib.
Tədbirdə Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan, eyni zamanda Böyük Britaniyanın Heriot-Vatt Universitetinin 2014/2015-ci akademik ili üzrə ən yaxşı tələbələrdən biri seçilərək “Fəxri diplom” və pul mukafatı alan III kurs tələbəsi Sevinc Qafarlı BANM-də tələbələr üçün yaradılan geniş imkanların sayəsində bu uğuru qazandığını bildirib. O, həmçinin “SOCAR Yay Məktəbi 2015” layihəsində iştirakı çərçivəsində Gürcüstana səfər imkanı qazandığına və BANM tələbələrinə göstərilən dəstəyə görə SOCAR rəhbərliyinə təşəkkür edib.
Tədbirin sonunda qonaqlar 2015/2016-cı tədris ilində Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış tələbələrə tələbə vəsiqəsi və SOCAR tərəfindən hədiyyə olunan noutbuklar təqdim etdilər. Bununla yanaşı, ötən tədris ilində müxtəlif uğurları ilə seçilmiş tələbələrə sertifikatlar və fəxri diplomlar təqdim olundu.
Tədbirdən sonra BANM-in professor-müəllim heyəti və tələbələri “Fəxri xiyaban”a gedərək, Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər.