Xəbərlər

Onlar Azərbaycan dövlətinin və Ali Baş Komandanımızın intellektual əsgərləridir - Rektorla MÜSAHİBƏ

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Elmar Qasımov Publika.az-a müsahibə verib.

E.Qasımov müsahibəsində Azərbaycan təhsilinin hazırkı durumundan, rektoru olduğu Bakı Ali Neft Məktəbinin fəaliyyətindən, pandemiya dövründə tədris strategiyalarından, məzunların iş imkanlarından danışıb, YAP-ın VII qurultayında yadda qalan ən vacib məqamları qeyd edib.

Elmar Qasımov 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin Coğrafiya və hüquq fakültəsini isə fərqlənmə diplomu ilə bitirib. 1999-2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1999-2011-ci illərdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini vəzifəsində, 2011-2012-ci illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində işləyib. 2012-ci il aprelin 10-da Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Ali Neft Məktəbinin rektoru təyin edilib. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

- Elmar müəllim, artıq ölkədə 1 ildir ki, distant təhsil davam edir. Pandemiya ilə paralel tədris necə aparılır, Bakı Ali Neft Məktəbi distant təhsil formasına hazır idimi? Dərsləri necə təşkil edirsiniz, tələbələr uyğunlaşa biliblərmi? Bu müddət ərzində beynəlxalq təcrübədən yararlandınızmı?

- Bəli, artıq bir ilə yaxındır ki, COVID-19-un yayılması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edib. Bütün dünyada olduğu kimi, Azərbaycanda da təhsil müəssisələri, ictimai yerlər fəaliyyətini demək olar ki, dayandırıb. Bu hadisə bizim üçün gözlənilməz idi. Gözləmirdik ki, birdən-birə məktəblər bu cür uzun müddətə bağlanar. Ancaq dünyada baş verən bu qlobal prosesə, pandemiya mühitinə ilk gündən uyğunlaşmağa başladıq. Müasir təlim və müasir informasiya texnologiyalarından istifadə edərək distant şəkildə təhsilimizi davam etdirməyə qərar verdik. Artıq bir ildir ki, həm dərslər və imtahanlar, həm də biliyin qiymətləndirilməsi onlayn həyata keçirilir. Bu, bir növ təhsilimizin fasiləsizliyini təmin etdi. Bu olmasaydı, biz bir il ərzində tələbələrimizin bilik və bacarıqlarının formalaşmasında böyük çətinliklər yaşayardıq. Onlayn dərslər təhsilimizin fasiləsizliyinin təmin edilməsinə imkan yaratdı. Müəllim və tələbələrimizin buna tam hazır olduğunu desəm, düzgün olmaz. Biz distant dərslərə bu qədər hazır deyildik. Lakin tədris formalaşdıqca, sistemli şəkil aldıqca müəyyən təlimlər keçməklə həm müəllimlərimiz, həm də tələbələrimiz onlayn dərslərə uyğunlaşıb. Düzdür, səmimi demək istəyirəm ki, onlayn dərslər ənənəvi dərsləri tam şəkildə əvəz edə bilmir. Xüsusilə mühəndislik dərslərində bu, əvəz oluna bilməz, çünki dərslərin əksəriyyəti laboratoriyalarda keçirilir. Ancaq hazırda laboratoriya məşğələlərini video formatda həyata keçiririk. Birinci kurs tələbələrimiz “Foundation” çərçivəsində informasiya texnologiyalarını və ingilis dilini öyrənirlər. Onlar da çətinlik çəkirlər. Ancaq başqa yolumuz yoxdur və biz dərslərimizə bu istiqamətdə davam edirik. Vaksinasiya prosesi bütün dünyada başlayıb, o cümlədən də Azərbaycanda. Hesab edirəm ki, böhranlı dövr artıq arxada qalıb. İnanıram ki, yaxın müddətdə həyat normal qaydaya düşəcək.

 

- Deyərdim ki, Bakı Ali Neft Məktəbi ölkə təhsilində bir nümunədir. Bu mənim şəxsi qənaətim deyil, müşahidələrim bunu deməyə əsas verir. Yəni təhsil ictimaiyyətində özünəməxsus, peşəkar rəy formalaşdıra bilmisiniz. Nəzərə alsaq ki, bu il ali məktəbin yaranmasının 10 ili tamam olacaq. BANM ölkəmizdə bir çox tələbənin arzusudur, qəbul statistikasına baxanda da demək olar ki, əksəriyyət maksimal balla, Prezident təqaüdü ilə bura daxil olur. Uğur sirriniz nədədir? Nədir BANM-i bir çox gəncin hədəfinə, məqsəd və arzusuna çevirən?

- Bu il Bakı Ali Neft Məktəbinin yaranmasının 10 ili tamam olur. 2011-ci ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev SOCAR-ın strukturunda Bakı Ali Neft Məktəbinin yaranması ilə bağlı fərman imzaladı. On illik kiçik bir müddət ərzində biz çox böyük uğur yolu keçdik. Bu, çox möhtəşəm bir yol oldu. Bu illər ərzində BANM ən çox tələbənin rəğbət bəslədiyi ali məktəbə çevrildi, ən əsası isə odur ki, bu rəğbət on ildir davam edir. Biz bu hörməti, sevgini, ehtiramı qoruyub saxlayırıq. Həmçinin inamı, etibarı da qoruyub saxlayırıq ki, əsas vacib şərt də budur. Aydındır ki, bunun bəzi əhəmiyyətli məqamları həm də ondan ibarətdir ki, birinci növbədə biz ali məktəbdə tədrisi tamamilə ingilis dilində qurmuşuq. 5 illik təhsil sistemidir, birinci il ərzində tələbələrimiz “Foundation” müddətində IT və ingilis dili dərsləri alırlar. 2, 3, 4 və 5-ci kurslarda isə onlara ixtisas fənləri tədris olunur. Bu, üstünlükdür, ingilis dili artıq dünya dilidir, ingilis dili həm də iqtisadiyyat, biznes, elm və texnologiyalar dilidir. Bu dili tələbələrimiz ən yüksək səviyyədə öyrənməklə ən üst səviyyədə olan qlobal şirkətlərdə karyeralarını qurmaq, təhsillərini dünyanın nüfuzlu universitetlərində davam etdirmək imkanı əldə edirlər. Digər bir məqam ondan ibarətdir ki, BANM mühəndislik ali məktəbidir. Mühəndislik ixtisasları bu gün dünyada çox populyardır. Əmək bazarında mühəndislərə çox böyük ehtiyac var. Həm kimya, həm IT, həm də neft-qaz mühəndislərinə bu gün ehtiyac böyükdür. Digər əsas üstünlüyümüz isə bütün proqramlarımızın beynəlxalq proqramlar əsasında qurulmasıdır. Biz Böyük Britaniyanın Heriot-Watt Universiteti ilə ikili diplom proqramını həyata keçiririk. Bu proqram əsasında tələbələrimiz həm bizim ali məktəbimizin, həm də Heriot-Watt Universitetinin diplomunu alırlar. Eyni zamanda magistratura tələbələrimiz dərslərini bu proqramlar əsasında öyrənirlər. Bu isə məzunlarımızın dünyanın nüfuzlu şirkətlərində çalışmalarına, əmək bazarında uğurlu olmalarına şərait yaradır.

Digər bir üstünlüyümüz isə universitet şəhərciyimizin olmasıdır. 2017-ci ilin may ayında cənab Prezident İlham Əliyevin iştirakı ilə BANM-in kampusunun təntənəli açılışı oldu. Orada hər cür şərait yaradılıb, ən müasir laboratoriyalar və müasir texnologiyalarla təchiz olunub. Yüksək keyfiyyətli tələbə evi var, demək olar ki, hər cür şərait yaradılıb. Əsas üstünlüklərimizdən biri də ali məktəbimizin çox peşəkar müəllim-professor heyətinin formalaşmasıdır. Ən yüksək səviyyədə şəffaf mexanizm işləyir. Tələbə-müəllim arasında çox gözəl ailə münasibəti yaranıb. Hətta biz ali məktəbimizə heç zaman BANM kollektivi demirik, BANM ailəsi deyirik. Tələbələrimizə münasibətimiz daim ən yüksək səviyyədədir. Tələbəyə xidmət etməyimiz həm də Azərbaycanın gələcəyinə xidmət etmək deməkdir. Ali məktəbimiz Prezident təqaüdçülərinin sayına görə Azərbaycanda ilk iki yerdən birini tutur. On ildir ki, bu davam edir. Bu illər ərzində qəbul sayımızı üç dəfə artırmağımıza baxmayaraq, tələbələrin orta qəbul balına görə ölkədə birinci yerdəyik. Həm də bizim yerimiz ikinci yerdən çox böyük fərqlənir. Artıq 4 ildir ki, ali məktəbimizdə yeni yaranan informasiya təhlükəsizliyi ixtisası ilin ixtisası seçilir. Bu gün Azərbaycanda ən məşhur ixtisas məhz informasiya təhlükəsizliyi ixtisasıdır.

Sual olunur, tələbə niyə BANM-i seçir? Çünki burada rəqabətli mühit var. Bura yüksək balla qəbul olan tələbələr eyni mühitdə fəaliyyət göstərirlər. Çünki BANM Azərbaycanda yeganə ali məktəbdir ki, istehsalla tədrisimizi birləşdirmişik. Tələbələrimiz yayda 2 ay istehsalat müəssisələrində çalışırlar. Təcrübələrimiz istehsalat müəssisələrindədir. Tələbələr ali məktəbdə təhsil aldıqları müddətdə müəssisələrdə, həm yerli, həm də xarici şirkətlərdə işləyirlər. Bizim beynəlxalq şirkətlərlə çox möhtəşəm, uğurlu əlaqələrimiz var. Azərbaycanda və dünyada fəaliyyət göstərən bütün şirkətlərlə əməkdaşlıq edirik, tələbələrimiz orada təcrübə keçirlər. Ali məktəbimizi cəlb edən əsas məqam isə buranı bitirəndən sonra məzunlarımızın əmək bazarında uğurlu fəaliyyətidir. Bu günə qədər ali məktəbimizdən məzun olanların yüz faizi işləyir.

 

- BANM ölkənin təhsil həyatı ilə yanaşı, eyni zamanda yetişdirdiyi tələbələrlə neft-qaz sahəsində də önəmli yeri tutur. Məzunlarınızın ali məktəbi bitirəndən sonra işlə təminatı məsələsinə toxunmaq istərdim. Tələbələr məzun olandan sonra əksər hallarda işsizlik problemi ilə qarşılaşırlar. Qeyd etdiniz ki, sizin məzunlarınızın yüz faizi əmək bazarında çalışırlar. Ali məktəb onların gələcək həyatı üçün hansı imkanları yaradır? İş tapmaqda məzunlara necə dəstək olursunuz?

- Bizim tələbələrimizin belə bir şüarı var - “Biz iş axtarmırıq, iş bizi axtarmalıdır”. Biz elə bir səviyyədə tələbəyə bilik və bacarıq veririk, uğurlu əlaqələr yaradırıq ki, iş onları tapır. Bizi cəlb edən ən mühüm məqam da işin məzunumuzu tapmasıdır. Eyni zamanda daim inkişafa meylliyik. Tələbələrimizi ali məktəbimizin qurucuları hesab edirik. Tələbə bizə gəlib təkliflərini deyəndə çox sevinirik. Bu, inkişafdır, ali məktəbimizin daha da uğurlu olmasına təkan verir. Tələbələrimiz bizim güzgümüzdür, biz o güzgüyə baxıb özümüzü düzəldirik, onu sındırmırıq. Elə məsələlər var ki, onu görə bilmirik. Ancaq tələbələr bizə deyirlər və biz onu görürük. Ali məktəbimizin çox savadlı tələbələri var. Onlar Azərbaycan dövlətinin, millətinin, cənab Ali Baş Komandanımızın intellektual əsgərləridir. Bakı Ali Neft Məktəbində ölkənin intellektual əsgərləri formalaşır. Məzun olandan sonra da vətənimizin xidmətində olurlar.

 

- 26 yaşınızda Təhsil nazirinin müavini olmusunuz. Zaman-zaman ölkəmizdə təhsillə bağlı problemlər dilə gətirilir, xüsusilə orta məktəbdə tədrisin ağırlığı, kurikulum sistemi ilə bağlı narahatlıqlar qeyd edilir. Sizcə, problemlər nədən qaynaqlanır?

- Proqram praktik olmalıdır. Keçirilən fənn şagirdin və ya tələbənin həyat fəaliyyətində daim ona dəstək verməli, yardım etməlidir. Bu baxımdan hesab edirəm ki, proqramların praktik olması ali məktəbimizin üstünlüyüdür. Tələbəyə istehsalatda nə lazımdırsa, o tədris edilir. Orta məktəblərimizdə həm də şagirdlərə bacarıqlar öyrədilməlidir. Biz şagirdlərimizə bilik veririk, bacarıq isə vermirik. Bacarıq verməyəndə bacarıqsız bilikli insan həyatda özünə yer tapmaqda çətinlik çəkir. Bacarıq kommunikasiyadır. Tələbələr var ki, özlərini ifadə etməyə utanırlar, biliyi yüksəkdir, amma təvazökardır, çatdıra bilmir o biliyi. Bacarıq həm də liderlikdir. Liderlik odur ki, tələbə işinin lideri, təşəbbüskarı olsun, yaradıcı olsun. Bacarıq həm də danışıqdır, nitq mədəniyyətidir. Orta məktəbdə gözəl bilik və tərbiyə verildiyi kimi, bacarıqlar da verilməlidir. Sual olunur, biz o bacarıqları övladlarımıza hansı səviyyədə veririk? Biz razıyıqmı şagidlərimizin idarəetmə qabiliyyətlərindən? Sovet dövründə deyirdik ki, şagirdlərimiz bilikli və tərbiyəli olsun. O dövrlər məktəblərə təlim-tərbiyə ocağı deyirdik. Bu gün tam məsuliyyətlə deyirəm ki, orta məktəblər, o cümlədən universitetlər şagird və tələbələrə bilik, tərbiyə və bacarıqlar verməlidir. Təhsil bacarıqların inkişafına xidmət etməlidir. Bill Qeyts, Mark Zukerberq tələbə vaxtı təhsildəki müəyyən müvəffəqiyyətsizliklərinə görə Harvarddan kənarlaşdırılıblar. Ancaq indi öz şirkətlərində Harvard Universitetinin məzunlarını işlədirlər. Onlar öz bacarıqları hesabına bütün bilikli insanları toplayaraq böyük şirkətlər yaratdılar. Mən universitetdən xaric olunmanı təbliğ etmirəm, bunun yaxşı bir şey olduğunu da demirəm. Söhbət sadəcə bacarıqdan gedir. Əsas da biliklə yanaşı bacarığın olmasıdır.

- Ölkəmizdə təhsil haqları ilə bağlı məsələyə heç vaxt birtərəfli baxış olmayıb. Necə düşünürsünüz, təhsil haqları yüksəkdirmi? Təhsil müəssisələri bunu necə tənzimləməlidir?

- Bizim ali məktəbdə bakalavr təhsili demək olar ki, ödənişsizdir. BANM-də olan MBA (Master of Business Administration) magistratura proqramındakı tələbələr ödənişli oxuyurlar ki, onların da əksəriyyəti çalışırlar, ödənişi ödəməkdə çətinlik çəkmirlər, biliklərini artırmaq üçün bizim potensialımızdan istifadə edirlər. Çox cüzi tələbələrimiz ödənişli oxuyurlar ki, biz onlara yardım edirik, dəstək göstəririk. Məsələn, bu il bizim 6 tələbəmizə Gənclər Fondu təqaüd verdi. 90% tələbə bizdə ödənişsiz təhsil alır.

Təhsil ödənişləri hər ölkəyə uyğun olaraq dəyişir. Biz ABŞ-la və ya Böyük Britaniya ilə müqayisə oluna bilmərik. Avropada ola bilsin ki, bəzi ölkələrdə təhsil tamamilə pulsuzdur, bəzilərində simvolik xarakter daşıyır, bəzilərində isə həddindən artıq çoxdur. Ancaq bizdə ümumilikdə təhsil haqları çox aşağıdır. Məsələn, Azərbaycan Tibb Universitetində təhsil haqqı 4000 manatdır. Ancaq dünyada tibb, hüquq və mühəndislik ixtisaslarının ödənişi həddindən artıq çoxdur. Bizim partnyorumuz olan Heriott-Watt Universitetində eyni ixtisasın qiyməti 40-50 min funt sterlinqdir. On ildir bizim ali məktəbimiz tələbələrə pulsuz təhsil verir. Bunu biz görməliyik. Aydındır ki, təhsil böyük investisiya tələb edir. Bu gün aldığımız kompüter üç ildən sonra mənəvi cəhətdən köhnəlir. Texnologiyanı isə daim yeniləmək üçün böyük vəsaitlər tələb olunur. Biz xaricdə Nobel mükafatçılarının dərs keçməsindən danışırıq. Onların dərs deməsi üçün xeyli pul xərclənir. Ona görə də Azərbaycanda ali məktəblərdə ödəniş yüksək deyil. Dövlətimiz də 50-60 faizə yaxın tələbəni dövlət sifarişi ilə oxudur. Eyni zamanda, Qarabağ müharibəsi iştirakçılarının övladları, valideyn himayəsindən məhrum olmuş tələbələr də pulsuz təhsil alır. Bizdə MBA proqramı 100% ödənişli olsa da, tələbələrin 40-50 faizi avtomatik olaraq dövlət sifarişinə keçirlər. Qeyd etdiyim statusu olan tələbələrin ödənişini dövlət edir. Ölkə üzrə də orta təhsil haqqı 2000-2500 manatdır və bu, yüksək deyil. Ümumilikdə, universitetlərin inkişafı üçün bəlli miqdarda vəsait tələb olunur ki, bu da dövlət dəstəyindən və tələbənin ödənişindən əldə olunur.

 

- Elmar müəllim, Bakı nə qədər böyük şəhər olsa da, hər il axın artır. Ali təhsil müəssisələrinin əksəriyyəti isə şəhər mərkəzində yerləşir. Bilirik ki, BANM-in kampusu şəhərdən kənardadır. Necə düşünürsünüz, təhsilin keyfiyyətində ali məktəbin harada yerləşməsi rol oynayırmı?

- Tələbələr təkcə ali məktəbdə təhsil almırlar. Tələbə 5 il orada həyatını keçirir, orada ictimailəşir, sosiallaşır, dostlar qazanır, həyatının ən gözəl anlarını yaşayır. Bu anları isə çox maraqlı etmək lazımdır ki, tələbə 10-15 ildən sonra ali məktəbi haqqında xoş təəssüratlar yaşasın. Onlar təhsil həyatını təkcə auditoriyada keçirməməlidirlər. Bizim kampusda hər cür şərait yaradılıb. İdman kompleksi, yeməkxana, tələbə evi, üzgüçülük hovuzu var. Demək olar ki, kampus hər şeylə təmin olunub. Məzunlarımızdan soruşuram ki, ən yadda qalan anlarınız nə olub, deyirlər ki, bizim voleybol, həndbol komandamız var idi, o günləri xatırlayırıq və s. Yəni idman, sosial həyat, teatr və musiqi qruplarının olması çox önəmlidir. Tələbələrimiz hər il bir tamaşanı, dramı oynayırlar. Bunların hamısını təmin edən kampusdur. Tələbə şəhərciyi onların 5 illik evi, xatirə ocaqları olur. Dünya universitetlərinin inkişaf mərhələsinə baxsaq görərik ki, kampus çox əhəmiyyətlidir. Akkreditasiya zamanı ABŞ-ın akkreditasiya mərkəzləri universitetlərdə stadion və ya üzgüçülük hovuzu yoxdursa, onu qeydiyyata almırlar, universitet hesab etmirlər. Orada hər universitetdə stadionun və üzgüçülük hovuzunun olması şərtdir. Çünki orada tələbə sosiallaşır. Tələbə dərs bitəndən, kitabxanada kitab oxuyandan sonra stadionda oynamalıdır, dostluq klublarında fəaliyyət göstərməlidir. Həm də idman onları komanda şəklində birləşdirir, kollektivçilik ruhu yaradır. Buna görə də kampus ali məktəbin inkişafında ən böyük faktorlardan biridir.

 

- Maraqlıdır, rektor olduğunuz müddətdə BANM həyatınızda hansı dəyişikliklərə imza atdı?

- Bakı Ali Neft Məktəbi yaranandan mən buranın qurucu rektoruyam. Cənab Prezident İlham Əliyevin birinci fərmanı ilə ali məktəb yaradıldı, daha sonra sərəncamla isə mən bura rektor təyin olundum. On il ərzində qazandığımız uğurlar mənim rektorluğum dövründə baş verib və bütün bunlar bizim uğurumuzdur.

- Elmar müəllim, 2 il öncə dərsə gecikən tələbələrə zəngli saat hədiyyə etməyiniz maraqla qarşılanmışdı. Bu jestinizdən də danışmağınızı rica edirəm.

- Bəli, onlara zəngli saat hədiyyə etmişdim. İki tələbəmiz tələbə evində yaşayırdı və dərslərə gecikirdilər. Yaxşı tələbələr idi, sadəcə tənbəllikləri var idi. Hər gün demək olar ki, yarım saat, bir saat dərsə gec gəlirdilər. Mən fikirləşdim ki, bunlara cərimə edəkmi, yoxsa hansısa cəza verib, sanksiya tətbiq edəkmi? Lakin dostyana bir zarafat etmək fikrinə düşdük. Onlara tələbələrimizin və bütün kollektivimizin iştirak etdiyi tədbirdə böyük bir zəngli saat hədiyyə etmək qərarına gəldik. Bu, həm maraqlı zarafat idi, həm də xoş ovqat yaratdıq ki, tələbələrimizin yəqin zəngli saatı yoxdur ki, gecikirlər. Tələbələri zarafat formatında “cəzalandırdıq”. Onlar özləri bunu yaxşı qarşılamışdı.

 

- Vətən müharibəsində zəfər qazandıq. Demək olar ki, hər kəs bacardığı qədər işğaldan azad olunan torpaqlara geri dönüş üçün planlar hazırlayır. Siz necə düşünürsünüz, hər hansısa planlarınız varmı?

- Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu Vətən müharibəsində möhtəşəm tarixi, parlaq qələbə qazandı. Bu, bizim arzularımız, röyalarımız idi ki, biz bunları yaşadıq. Azərbaycanın ən gözəl guşələri işğalda idi. Cıdır düzünü, Şuşa məscidini, Ağdam məscidini, Xudafərin körpüsünü, Həkəri çayını biz yenidən gördük. Ali Baş Komandanımızın möhtəşəm rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımızı geri qaytardıq. Qarabağ Azərbaycanındır, orada Azərbaycan bayrağı dalğalanır. Bu, Azərbaycan tarixinin ən böyük qələbəsidir. Bu qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Hesab edirəm ki, 2020-ci il bütün dünyada təqvimə bir ağır il kimi daxil oldu, dünya xalqları bu ildən narazıdır. Ancaq 2020-ci il yeganə olaraq Azərbaycan millətinin ili oldu, bizə çox uğurlu oldu. Torpaqlarımız işğaldan azad olundu. Baxmayaraq ki, pandemiya oldu, ancaq mən o ili xoş xatırlayıram. Təbiidir ki, indi böyük qayıdışa hazırlıqlar gedir. Cənab Prezidentin rəhbərliyi ilə Qarabağa qayıdışla bağlı layihələr reallaşdırılır, böyük infrastrukturların qurulmasına başlanılıb. Eyni zamanda oralar minalardan təmizlənməlidir. Çünki ermənilər hər yeri minalayıblar. Ona görə də ilk növbədə Qarabağ minalardan təmizlənməli, orada infrastruktur qurulmalı, müasir yollar, şəhərlər, kəndlər salınmalıdır ki, insanlar həm rahat yaşasınlar, həm də əmək fəaliyyətlərini davam etdirsinlər. Qarabağ torpağı bizim üçün əzizdir, çox müqəddəsdir, önəmlidir. Ona görə də prosesin gedişini yaxından izləyirik və ona uyğun da addım atacağıq.

 

- Yeni Azərbaycan Partiyası martın 5-də VII qurultayını keçirdi. Qurultay bir sıra dəyişikliklərlə yadda qaldı. Gənclərə daha çox yer verildi, bir sıra struktur dəyişikliyi oldu. Veteranlar Şurası yaradıldı, Yap İdarə Heyətinin üzvlərinin sayı 20-dən 40-a çatdırıldı, siz də yeni İdarə Heyətində yer alırsınız. 19 yaşınızdan bəri YAP-da təmsil olunursunuz, 30 illik partiya fəaliyyətiniz var. Partiyada bu qədər köklü dəyişiklik hansı zərurətdən yarandı?

- Yeni Azərbaycan Partiyası ölkədə hakim partiyadır, qurucusu ulu öndər Heydər Əliyevdir. Partiyamızın sədri cənab Prezident İlham Əliyev, sədrin birinci müavini isə çox hörmətli Mehriban xanım Əliyevadır. Bu, partiyamızın gücünün və möhtəşəmliyinin göstəricisidir. Partiyamızın cəmiyyətin bütün təbəqələrində nüfuzu və dəstəyi var. YAP Cənubi Qafqazın ən böyük partiyasıdır və 30 ilə yaxındır ki, hakim partiyadır. YAP bütün seçkilərdə, prezident, parlament və bələdiyyə seçkilərində parlaq qələbələr qazanıb. Partiyamızın Azərbaycanda güc və nüfuz baxımından rəqibi yoxdur. Bu baxımdan YAP-ın VII qurultayı nəinki Yeni Azərbaycan Partiyasının, eyni zamanda ölkənin ictimai-siyasi mühitində çox böyük tarixi hadisə idi. YAP-ın VI qurultayı 2018-ci ildə olmuşdu. Bu üç il ərzində həm dünyada və regionda, həm də ölkəmizdə çox böyük dəyişikliklər gedib. Azərbaycanda həm iqtisadiyyat sahəsində, həm siyasi sistemdə, həm də idarəetmə sistemində böyük islahatlar aparılıb və bu, davam edir. Bu islahatların fonunda partiyamızın VII qurultayının keçirilməsi zərurəti yaranmışdı. Bu qurultayda ciddi struktur dəyişikliyi oldu. İlk növbədə partiyamızın sədri cənab İlham Əliyevin sərəncamı ilə Birinci vitse-prezident Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini təyin edildi. Biz buna çox sevindik. Çünki bu, partiyamızın gücüdür, uğurudur. Mehriban xanım Əliyevanın bu illər ərzində həyata keçirdiyi fəaliyyət ərzində həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük uğurlar əldə olunub. Partiyanın idarəetmə sistemi olan İdarə Heyəti başqa formatda formalaşdı, heyət 20 nəfərdən 40 nəfərə qaldırıldı, İdarə Heyəti partiyanın rəhbər orqanı oldu. Qürur duyuram ki, partiyamızın VII qurultayında YAP-ın sədri cənab Prezident İlham Əliyevin tövsiyəsi ilə mən də İdarə Heyətinə üzv seçildim.

Mən 1999-cu ildə YAP-ın birinci qurultayından ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə partiyanın Siyasi Şurasının üzvü idim, indi isə İdarə Heyətinə seçilmişəm. Bu, mənim üçün böyük qürurdur. Fəxr edirəm ki, 30 illik partiya fəaliyyətimə Prezidentimiz və sədrimiz İlham Əliyev qiymət verdi. Partiyanın İdarə Heyətində böyük yenilənmə getdi, daha çox gənclərə yer verildi. Eyni zamanda partiyamızın quruculuğunda böyük rol oynamış, partiyanın Qızıl Fondu adlanan, 90-cı illərdən partiyada təmsil olunanlardan ibarət Veteranlar Şurası yaradıldı. Bu, xüsusi birlikdir və cənab Prezidentin təşəbbüsü ilə yaradıldı. Düşünürəm ki, heç bir partiyada belə bir struktur yoxdur. Bu onu göstərir ki, partiyamız ona xidmət edən, Heydər Əliyev ideyalarına sadiq, cənab Prezidentin siyasətini həyata keçirən, ancaq indi yaşı ilə bağlı ağsaqqal statusuna qalxmış insanlar Veteranlar Şurasında fəaliyyətlərini davam etdirəcəklər, gənc nəsil üçün bilik və bacarıqlarını səmərəli istifadə edəcəklər. VII qurultayda partiyamız özünün gələcək inkişafının yeni mərhələsinə qədəm basdı, partiyanın nizamnaməsi dəyişdi. Çünki bu nizamnamə 1992-ci ilin noyabrında təsdiq edilmişdi. 30 il idi demək olar ki, partiyanın nizamnaməsində heç bir dəyişiklik yox idi. İndi partiyamızın nizamnaməsi dəyişdi. Bu, müasir dövrün tələblərinə cavab verə bilməyimiz üçün dəyişən zamana adekvat reaksiya idi ki, partiyamızın da gücü bundadır. O, həmişə yenilənir, müasirləşir.

 

- Prezident İlham Əliyev qurultayda çıxış etdi. Bu baxımdan VII qurultay nələrlə yadda qaldı, Prezident hansı mesajları verdi?

- Cənab Prezident qurultay iştirakçılarının qarşısında geniş tarixi çıxış etdi, orada çox mesajlar var idi. 2 saata yaxın davam edən çıxışda Azərbaycanın qarşısında duran əsas istiqamətlər, strateji hədəflərimiz elan edildi. Biz Qarabağ savaşında qalib gəldik, oranı azad etdik. İndi əsas məqsədimiz odur ki, Qarabağa qayıdışı yüksək səviyyədə həyata keçirək, Qarabağda məskunlaşma və infrastrukturun qurulması sürətlənsin. Eyni zamanda, bütün sahələrdə islahatların aparılması sürətlənir. Azərbaycanın daha qüdrətli, daha möhtəşəm dövlət olması istiqamətində işin sürətləndirməsinin şahidi olmuşuq. Cənab Prezident həmçinin bildirdi ki, biz müasir türk ordusunun tipində ordu quruculuğuna başlamışıq. Biz müasir müharibə apardıq və gələcək əsrin müharibə taktikasını qururuq. Bütün dünya bizim 44 günlük Vətən müharibəsində tətbiq etdiyimiz taktikanı öyrənir. Biz ordumuzu gücləndirməliyik, daha güclü olmalıyıq ki, faciələrimiz təkrarlanmasın. Həm iqtisadi, siyasi, hərbi baxımdan, həm də təhsil cəhətdən güclü və birlikdə olmalıyıq ki, düşmənlərimiz həmişə hesablarını düzgün götürsünlər. Onlar bilsinlər ki, güclü Azərbaycanın torpaqlarına başqa gözlə baxmaq qeyri-mümkündür.

Həmçinin, milli-mənəvi dəyərlərimizin qorunması, gənclər arasında dövlətçiliyə sədaqət, onların dəyərlər altında böyüməsi bizim ən böyük amalımızdır. Partiyamızın da qarşısında duran ən mühüm vəzifə ondan ibarətdir ki, biz gənclərimizi vətənə, dövlətə sədaqət ruhunda inkişaf etdirək. Müəyyən beynəlxalq güclər qloballaşma siyasəti bəhanəsi ilə ölkələrin, xalqların milli dəyərlərinə müdaxilələr edir. Qloballaşma adı altında milli-mənəvi dəyərlərimizin əlimizdən alınması cəhdləri olunur. Bunun qarşısını almaq üçün gənclər arasında mütləq böyük təbliğat və təşviqat işləri aparılmalıdır. Gənclər dinini, tarixini gözəl bilməlidir, dövlətçiliyə sədaqət ruhunda böyüməlidir. Vətən müharibəsində bizim bayrağımız daha da müqəddəsləşdi. Çünki bayrağımız uğrunda gənclərimiz şəhid oldu, şəhidlərimizin kəfənini bayraq əvəz etdi, onlar bayraqla dəfn olundular. Bayraq bizim üçün müqəddəsdir. Biz Qarabağ qazilərimizlə qürur duyuruq. Torpaqlarımız bizim üçün müqəddəsdir. Çünki o torpağın hər qarışı üçün orada qan tökülüb. Şuşanın yolları bizim üçün müqəddəsdir, o yollarda gənclərimiz şəhid olub. O müqəddəsliyi biz daim gənclərimizə aşılamalıyıq. Onlar Xocalı soyqırımını heç vaxt unutmamalıdırlar. Biz düşmənlərimizi unutmamalıyıq, eyni zamanda dostlarımızı da tanımalıyıq. Hər zaman ən çətin günümüzdə yanımızda olan qardaş Türkiyəni yad etməliyik. Qardaş Pakistanı həmişə xatırlamalıyıq, onları unutmamalıyıq. Bu isə dəyərlərdir, dəyərlər isə daim deyilməlidir. Yaş keçir, yeni nəsil yetişir. Biz qəhrəman Gəncəni, Bərdəni, Tərtəri unutmamalıyıq, ermənilərin faşist xislətlərini hər zaman xatırlamalıyıq. Faşistlərin Azərbaycana qarşı bu cür amansız və vəhşi müharibəsini heç vaxt unutmaq olmaz. Cənab Prezident YAP-ın VII qurultayında bizə bu mesajları verdi.

 

- Sosial media hesabınızda səfərləriniz zamanı boş qaldığınız vaxtlarda ən çox sevdiyiniz işin memarlıq abidələrinə və heykəllərə tamaşa etmək olduğunu qeyd etmişdiniz. Hazırda ölkəmizdə pandemiya hökm sürür. Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

Bir ildir demək olar ki, asudə vaxtımız yoxdur. Asudə vaxt ev, iş və müəyyən mənada imkan olanda karantin qaydalarına uyğun olaraq şəhərdə gəzməkdir. Qaydalar elədir ki, idman yarışları, səfərlər və rayonları gəzmək məsələləri bir il ərzində dondurulub. Amma ev və iş də asudə vaxt üçün uyğun deyil. Ancaq pandemiyaya görə işimiz bu cür bölünüb.

 

- Elmar müəllim, dəyərli vaxtınızı ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm. Qarşıdan gələn Novruz bayramınızı təbrik edirəm.

- Mən də sizi, Publika.az saytının bütün əməkdaşlarını bahar günü, yeni gün, bayram münasibətilə təbrik edirəm, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.