Xəbərlər

Avrasiya Universitetlər Birliyinin prezidenti BANM-də olub

Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi professor Mustafa Aydın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüş keçirib.

 

Görüş zamanı BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və onları Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. E.Qasımov qonaqlara BANM-in fəaliyyəti, üç il ərzində əldə etdiyi nailiyyətləri, beynəlxalq əlaqələri və BANM-də tədris prosesinin təşkili haqqında ətraflı məlumat verib. Rektor BANM-də dünya standartlarının tələblərinə cavab verən yüksəkixtisaslı ingilisdilli mütəxəssislər hazırlandığını qeyd edib. Görüşdə E.Qasımov həmçinin, BANM-də təhsil və təlim prosesində beynəlxalq standartların tətbiqinə dair verilən xüsusi önəmdən və tələbələr üçün istehsalat təcrübəsinin təşkilindəki müxtəlif beynəlxalq şirkətlərinin rolundan bəhs edib. O, Ali məktəbin Avrasiya Universitetlər Birliyinə üzv olan universitetlər ilə müxtəlif istiqamətli layihələr çərçivəsində əməkdaşlıq etməyə maraqlı olduğunu bildirib.

 

Öz növbəsində, EURAS-ın prezidenti, professor Mustafa Aydın BANM-ə aldığı dəvət üçün rektor E.Qasımova təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi qurum haqqında geniş məlumat verib. M.Aydın EURAS-ın 2008-ci ildə İstanbulda təsis edildiyini və Avropa, Asiya və Yaxın Şərq regionlarından olan 80-dən artıq universiteti özündə birləşdirdiyini qeyd edib. Professor EURAS-ın həyata keçirdiyi layihələr, üzv universitetlər arasında mübadilə proqramları, birgə elmi tədqiqatlar, nəşrlər, professor-müəllim və tələbə heyətinin mübadiləsi, təqaüdlü proqramlar, yay təcrübəsi və məktəbləri haqqında ətraflı danışıb. Bundan başqa M.Aydın EURAS-ın birləşdirdiyi universitetlər arasında işbirliyinin gücləndirilməsini və yeni layihələrin həyata keçirilməsinin nəzərdə tutduğunu bildirərək, BANM ilə də gələcəkdə bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

 

Görüşün sonunda tərəflər arasında gələcək əməkdaşlıq imkanları və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda görüşdən qarşılıqlı məmnunluq ifadə olunub.