Xəbərlər
BANM-in tələbəsi Avropa Olimpiya Festivalında könüllü olub
İyun ayında Azərbaycanın ev sahibliyi etdiyi və yüksək səviyyədə keçirilmiş I Avropa Oyunlarına könüllü kimi qatılmış Bakı Ali Neft Məktəbinin "Kimya mühəndisliyi" ixtisası üzrə təhsil alan II kurs tələbəsi Bağçagül İmanova bu dəfə Gürcüstanın paytaxtı olan Tbilisidə gənclər arasında 26 iyul – 1 avqust tarixlərində keçirilmiş Avropa Olimpiya Festivalında könüllü kimi iştirak etmişdir. Bağçagül İmanova Azərbaycada keçirilmiş I Avropa oyunları zamanı yüksək səviyyədə göstərdiyi könüllülük fəaliyyətinə və qazandığı təcrübəyə görə Gürcüstanda keçirilən Avropa Olimpiya Festivalına könüllü kimi iştirak etməyə dəvət olunmuşdur. Beynəlxalq tədbirin sonunda Bağçagül İmanova Avropa Olimpiya Festivalının təşkilat komitəsi tərəfindən festival zamanı göstərdiyi fəallığa və beynəlxalq tədbirin təşkil olunmasında verdiyi töhfələrə görə sertifikatla təltif olunmuşdur.
Qeyd edək ki, Tbilisidə keçirilmiş Avropa Olimpiya Festivalına Azərbaycandan 30 nəfər könüllü cəlb olunmuşdur.