Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbələri İspaniyada Hackathon yarışmasında qalib olublar
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri İspaniyada keçirilən "Competitive Programming” Hackathon yarışmasında III yeri qazanıblar.
Hazırda Erasmus+ proqramı çərçivəsində İspaniyanın Alkala Universitetində təhsil alan Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının III kurs tələbələri Sənan Həsənov və Ayxan Haqverdili tədrisə yeni başlamaqlarına baxmayaraq, universitetin təşkil etdiyi yarışmada ilk nailiyyətə imza atıblar.
Tələbələr Ali Məktəbi təmsil edərək yarışa “BHOS” komandası adı ilə qatılıb. 8 saatdan çox davam edən yarış zamanı tələbələr kompüter sisteminin ispanca olmasına, yarışa hazırlaşmağa kifayət qədər vaxtın olmamasına baxmayaraq, dörd nəfərlik komandaların yarışdığı atmosferdə, iki nəfərlik komanda ilə 23 sualdan 18 suala doğru cavab verərək yarışın üçüncüsü olmağı bacarıblar.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 7 tələbəsi 2019-2020-ci tədris ilinin yaz semestrində İspaniyanın Alkala Universitetində 1 semestr müddətinə təhsil almağa yola düşüb. Onların Alkala Universitetində tədris müddəti 21 yanvar - 20 iyun tarixlərini əhatə edəcək.
Tələbələr Erasmus+ proqramı çərçivəsində bir semestr ərzində Rəqəmsal elektronika, Mühəndislik mexanikası, Elektrik mühəndisliyi ixtisasları üzrə təhsillərini davam etdirəcəklər.