Xəbərlər
Prezident təqaüdçüsü: Bakı Ali Neft Məktəbi ixtisasım üzrə Azərbaycanda ən yaxşı təhsil ocağıdır
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Ayten Vəliyevadır. O, 681.2 balla “Kimya mühəndisliyi” ixtisasına qəbul olub.
Aytən Vəliyeva 2002-ci ildə Bakı şəhərində anadan olub. O, Xocavənd rayonu 2 saylı tam orta məktəbi fərqlənmə atestatı ilə bitirib.
- Qəbul imtahanını necə xatırlayırsız?
Qəbul imtahanında imtahan başlamamışdan əvvəl həyəcanım demək olar ki, yox idi. Amma imtahan başlayanda ard-arda bir neçə sualın cavabını tapa bilmədim və həyəcanlanmağa başladım. Sonradan isə, özümü ələ almağı bacardım.
- Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?
Mühəndisliyin bu sahəsi üzrə çox araşdırmışam və kimyaya da olan marağım “Kimya mühəndisliyi” ixtisasını seçməyimə səbəb oldu.
- Bakı Ali Neft Məktəbi haqqında harada məlumat əldə etmişdiniz?
İlk dəfə BANM haqqında xalamın qızından müsbət fikirlər eşitmişdim. O, özü Bakı Dövlət Universitetində təhsil alıb.
- Niyə məhz BANM-i seçdiniz?
Çünki, BANM ixtisasım üzrə Azərbaycanda ən yaxşı təhsil ocağıdır.
- BANM-də oxumaq hədəfinizə necə çatdınız?
İlk öncə, insan nəyi niyə istədiyini bilməli və istəyini hədəfə çevirərək ona çatmaq üçün əlindən gələni etməlidir. Mən də belə etdim və istəyimə nail oldum.
- Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiz?
Valideynlərim ən böyük dəstəkçilərim olublar. İxtisas seçimini tamamilə öz öhdəmə buraxmışdılar və seçimimə hörmətlə yanaşdılar.
- Hobbiləriniz nədir?
Musiqiyə qulaq asmaq, kitab oxumaq, maraqlandığım sahələrə aid videolar izləmək.
- İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiz?
Astronomiya, psixologiya və rəssamlıq. Özüm rəsmlə məşğul olmasam da, rəsm əsərlərinə böyük marağım var.
- Hansı janrda kitablar oxuyursuz?
Elmi-fantastik və fəlsəfi kitabları xoşlayıram.
- BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?
Hədəfim burada təhsilimi müvəffəqiyyətlə bitirib, xarici ölkələrin birində təhsilimi davam etdirməkdir.