Xəbərlər

Elmar Qasımov Bakı Ali Neft Məktəbinin 23 Prezident təqaüdçüsü ilə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2019-cu ildə BANM-ə daxil olmuş və göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb.

 

Rektor  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında 9 sentyabr 2019-cu il Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsinin bu təqaüdlərə layiq görüldüyünü qeyd edib. O,  Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayının 150 nəfərə çatdığını bildirib.

 

E.Qasımov indiyədək böyük rəqabətin qeydə alındığı I qrupda Bakı Ali Neft Məktəbinin maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunduğunu deyib.

 

“Müvafiq Sərəncamla, bu il ümumilikdə, 102 nəfər Prezident təqaüdçüsü adını qazanıb. Ali Məktəbimizin 23 Prezident təqaüdçüsündən 15 nəfər BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını, 5 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını, 2 nəfər “Kimya mühəndisliyi” ixtisasını, 1 nəfər isə “Neft-qaz mühəndisliyi” ixtisasını seçib”- deyə E.Qasımov əlavə edib.

 

E.Qasımov hər bir təqaüdçünün ən ali səviyyədə göstərilən bu etimadı doğruldacağına əminliyini ifadə edib. Eyni zamanda, o Prezident təqaüdçülərinin Ali Məktəbə olan marağını yüksək qiymətləndirib və tələbələrin bu önəmli seçiminin onların gələcək karyerasında  böyük rol oynayacağını vurğulayıb.

 

Prezident təqaüdçülərinin bu uğurunda orta təhsil müəssisələrinin, müəllimlərin və valideynlərin də xüsusi zəhməti olduğunu xatırladan rektor  gələcək dərslərində tələbələrə müvəffəqiyyətlər arzulayıb.

 

Tələbələr isə onların təhsil almaları üçün yaradılmış yüksək şəraitə görə minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, BANM-in Prezident təqaüdçülərinin 9-u qız və 14-ü oğlandır. Təqaüdçülər ixtisas seçimində “İnformasiya təhlükəsizliyi” ixtisasına üstünlük veriblər. Təsadüfi deyil ki, bu ixtisas respublika üzrə ən yüksək keçid balı ilə “İlin ixtisası” olub. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası da ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisas kimi qeydə alınıb.