Xəbərlər
İtaliya səfiri: Bakı Ali Neft Məktəbi ilə fantastik əlaqələrimiz var
Bakı Ali Neft Məktəbi (BANM) I ixtisas qrupu üzrə Prezident təqaüdüçülərinin sayına görə ölkədə liderdir.
İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb. 8 may 1992-ci ildən etibarən isə ölkələrimiz arasında diplomatik əlaqələr yaranıb. 1997-ci ilin mart ayında İtaliya hökuməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib.
SOCAR və onun nəzarətində olan şirkətlər tərəfindən İtaliyanın mühəndislik, tikinti və texnologiyalar sahəsində aparıcı şirkətləri arasında bir sıra iri həcmli müqavilələr imzalanıb. Bu müqavilələrin əsasında İtaliya şirkətləri Azərbaycanda neft-kimya sahəsində müəssisələrin tikilməsi və yenidənqurulması sahəsində layihələndirmə, mühəndislik və tikinti işlərini həyata keçirirlər. Bundan başqa, Bakı Ali Neft Məktəbi (BANM) İtaliyanın “Maire Technimont Gruop” şirkəti ilə BANM-də yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlər həyata keçirir. Bu əməkdaşlıq sayəsində BANM-in tələbələri şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirak etmək və işlə təmin olunmaq imkanı qazanıb.
İtaliya ilə sosial-iqtisadi əlaqələr, təhsil sahəsində birgə layihələr, Bakı Ali Neft Məktəbi, İtaliya Səfirliyi , İtaliyanın “Maire Technimont Gruop” şirkətinin Bakıda birgə təşkil etdiyi “Yaşıl Enerjinin İdarə Olunması - Dayanıqlı ətraf mühit üçün enerji həlləri” mövzusunda keçirilən Yay Məktəbi barədə sualları İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari cavablandırıb.
Cənab səfir, artıq 2 ildir ki, Azərbaycanda diplomatik fəaliyyət göstərirsiz. Ölkəmiz haqda təssürratlarınızı bilmək maraqlı olardı.
Azərbaycanla bağlı təssürratlarım olduqca pozitivdir. İlk vaxtdan mən özümü Azərbaycanda evimdəki kimi hiss edirəm. Burada səfir kimi fəaliyyət göstərmək mənim üçün olduqca asandır. İnsanlarla çox isti münasibətim, çoxlu sayda dostlarım var. Ümumiyyətlə deyim ki, ölkələrimizin çox gözəl münasibətləri var. Hökumətlərimizin yaxşı dostluq əlaqələri mövcuddur.
Səfir olduğum iki il ərzində siyasi əlaqələr və mədəniyyət sahəsi də daxil olmaqla, digər istiqamətlərdə də əməkdaşlığımız inkişaf edib. Ölkələrimiz arasında iqtisadi əlaqələr də genişlənib. Bundan əlavə, əməkdaşlığımızın mühüm bir hissəsi energetika sahəsi ilə bağlıdır.
Siz, Bakı ilə yanaşı Azərbaycanın bölgələrinə də səfərlər etmisiniz, çoxlu insanlar tanımısınız. Deyirlər, italiyanlar və azərbaycanlılar bir-birinə çox bənzəyirlər. Siz necə düşünürsüz?
Ümumilikdə götürdükdə bəli oxşar cəhətlərimiz çoxdur. Mən hesab edirəm ki, coğrafi yerləşmə xarakterlərə təsir etmir. Azərbaycan və İtaliya tamamiilə ayrı coğrafi mövqeylərdə yerləşir. Amma xalqlarımız demək olar ki, eyni xarakterik xüsusiyyətlərə malikdirlər. Azərbaycanlılar da, italiyanlar kimi ailə dəyərlərinə, böyüklərə hörmətə, kiçiklərə sevgiyə böyük önəm verirlər. Hər iki xalq istiqanlıdır.
Siz qeyd etdiniz ki, ölkələrimiz arasında bir çox sahələrdə səmərəli əməkdaşlıq əlaqələri var. Bəs təhsil sahəsində əlaqələrimiz barədə nə deyə bilərsiz?
Hökumət və xalq olaraq bizim maraqlarımız oxşardır. Son illər həyata keçirilən birgə proqramlar nəticəsində təhsil sahəsində əlaqələr inkişaf edib. Bu gün İtaliyada təhsil alan xarici vətəndaşlar arasında azərbaycanlılar üstünlük təşkil edir. Onlar İtaliyanın müxtəlif şəhərlərində yerləşən ali təhsil müəssisələrində təhsil alırlar. Mən Universitet rektorları və direktorlarla mütəmadi olaraq görüşürəm. Azərbaycanda İtliyan dilinin tədrisinə maraqlıyıq. Məqsəd tədris proqramlarının sayını artırmaqdır. Bu istiqamətdə davamlı olaraq birgə memorandumlar imzalanır.
Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığı necə qiymətləndirirsiz?
Bakı Ali Neft Məktəbi ilə fantastik əlaqələrimiz var. Rektor Elmar Qasımovla hər görüşümüzdə əməkdaşlıq üçün yeni ideyalar ortaya çıxır.
Bakı Ali Neft Məktəbinin İtaliyanın "Maire Tecnimont Qroup" şirkəti ilə çox sıx əməkdaşlıq əlaqələri mövcuddur. “Maire Tecnimont Qrup”un podratçısı “Kinetics Technology” şirkətinin Bakıdakı nümayəndəliyində hər il Bakı Ali Neft Məktəbinin bir neçə tələbəsi təcrübə keçir. Sevindirici haldır ki, bu il tələbələrdən bir neçəsi şirkətdə işə başlayıblar.
Bundan başqa, İtaliyanın müxtəlif şəhərlərində təşkil edilən Yay məktəblərində BANM-in tələbələri təlimlər keçirlər.
Fürsətdən istifadə edib, “Maire Tecnimont Qrup”un Bakı ofisində işlə təmin olunan, eləcə də təcrübə keçən tələbələrə göstərilən dəstək və yaradılan şərait üçün Ali məktəbin və şirkətin rəhbərliyinə təşəkkürümü bildirirəm.
Bakıda təşkil edilən “Yaşıl Enerjinin İdarə Olunması - Dayanıqlı ətraf mühit üçün enerji həlləri” mövzusunda Yay Məktəbi sizi qane etdimi?
Bakı Ali Neft Məktəbi və İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı, həmçinin İtaliyanın Azərbaycandakı səfirliyi və "Maire Tecnimont” Şirkətlər Qrupunun dəstəyi ilə Bakıda “Yaşıl Enerjinin İdarə Olunması - Dayanıqlı ətraf mühit üçün enerji həlləri” mövzusunda Yay Məktəbinin keçirilməsindən olduqca məmnunam. Müasir dünyada enerji çatışmazlığı, iqlim dəyişikliyi, ətraf mühit problemləri qlobal səviyyədə həssas yanaşma tələb edir.
Təbiət bizə hədiyyədir. Biz onu qorumağın alternativ yollarını tədqiq edib, yeni üsullar tapmalıyıq. Milan-Bikokka Universitetinin illərdir bir sıra ölkələrdə “Yaşıl Enerjinin İdarə Olunması” Yay Məktəbini təşkil etməsi mənim üçün olduqca qürurvericidir. Azərbaycanda ilk dəfə keçirilməsinə baxmayaraq, Bakı Ali Neft Məktəbinin yüksək təşkilatçılığı sayəsində təşkil edilən tədbirlərin yaşıl enerjinin idarə olunması istiqamətində faydalı olacağına inanıram.
Son olaraq nəyi əlavə etmək istərdiz?
Bu gün mənim evimə təşrif buyurduğunuz üçün çox sağ olun. Demək istəyirəm ki, mən Azərbaycan xalqını çox sevirəm. Burda olmaqdan olduqca məmnunam.