Xəbərlər

Prezident təqaüdçüsü: Bakı Ali Neft Məktəbi seçdiyim ixtisas üzrə kompüter texnologiyaları və laboratoriyalarla tam təchiz edilib

 Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu  üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Kamran Məmmədovdur. O, 688 balla “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olub. 28 noyabr 2001-ci ildə anadan olan Kamran Məmmədov Mingəçevir şəhəri Dilqəm Nağıyev adına 9 saylı tam orta məktəbi bitirib. O, Mingəçevir şəhəri üzrə ən yüksək qəbul nəticəsi göstərib.

 

Qəbul imtahanını necə xatırlayırsız?

 

İlk dəfə olduğu üçün yaz qəbul imtahanlarında çox həyəcanlı idim. O zaman 673 bal toplamışdım. Ancaq ikinci imtahan çox rahat keçdi və əvvəlki nəticəmdən daha yaxşı oldu. Belə ki 688 balla Mingəçevir üzrə ən yüksək bal topladım, bununla fəxr edirəm.

 

Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?

 

Uşaqlıqdan kompüter  sahəsi  ilə maraqlanıram. Kompüter hissələrini yığmağı və onların işləmə mexanizmlərini öyrənmək istəyirdim. Sonra ətrafımda olan insanlar bildirdi ki, Bakı Ali Neft Məktəbində kompüter sahəsinə aid ixtisaslar var. Əvvəllər Proseslərin avtomatlaşdırılması mühəndisliyini (PAM) istəyirdim, ancaq ötən il BANM-də açılmış İnformasiya təhlükəsizliyi ixtisasını eşidən kimi  diqqətimi bu sahəyə yönəltdim.  

 

BANM haqqında harada eşitmişdiniz?

 

Hazırlıqlara təzə başlayanda uşaqlar arasında BANM və ordakı təhsil haqqında tez-tez eşidirdim. Sonra özüm araşdırmağa başladım, məlum oldu ki, ölkənin ən yaxşı  təhsil verən ali məktəblərindən biridir.

 

Niyə məhz BANM-i seçdiniz?

 

Seçdiyim sahəmə uyğun olaraq ən son  kompüter texnologiyaları və laboratoriyalarla təchiz edilmiş  universitet Bakı Ali Neft Məktəbi idi.  Ona görə də BANM-i  seçmək mənimçün çətin olmadı.

 

BANM-də oxumaq hədəfinizə necə çatdınız?

 

Qəbul imtahanları yeni sistemlə olduğu üçün buna  öyrəşmək çətin idi.  Hər şeyə rəğmən məqsədimə çatmaq üçün oxuyurdum,  çox çalışırdım, paralel olaraq internetdə ingilis dilində videolara baxırdım.  Bütün bunlar mənə hədəfimə çatmaqda yardım etdi.

 

Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiz?

 

Ailəm  hər zaman yanımda olub. Özüm informatika və riyaziyyat fənnlərini  sevdiyimdən  İnformasiya təhlükəsizliyi ixtisasını seçmişdim,  ailə üzvlərim bu seçimimi hörmətlə qarşıladı və mənə sona qədər dəstək oldular.

 

Ən böyük arzunuz?

 

Ən böyük arzum İnformasiya təhlükəsizliyi  üzrə ixtisaslaşıb peşəkar olmaq və karyeramı bu istiqamətdə qurmaqdır.

 

Hobbiləriniz nədir?

 

Hobbilərim arasında  kompüter oyunları oynamaq, musiqi dinləmək, mütaliə etmək əsas yer tutur. 

 

İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiz?

 

Astronomiya sahəsinə böyük marağım var, imkan tapdıqca bu sahəyə aid məlumatları izləyirəm.

 

Hansı janrda kitablar oxuyursuz?

 

Elmi ədəbiyyat diqqətimi daha çox cəlb edir. Fəlsəfi fizikaya aid kitabları xüsusi ilə sevirəm. Təəssüf ki, Mingəçevirdə bu cür kitablar tapa bilmədiyim üçün, internetdən yükləməklə oxumaq şansım olurdu.Ümid edirəm ki, Bakıda tələbəlik illərində vaxt tapıb hamısını oxuya biləcəm.

 

BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?

 

Hazırda ingilis dilini orta səviyyədə bilirəm. BANM-də əsas hədəfim ingilis dili səviyyəmi təkmilləşdirmək və BANM-dəki bakalavr təhsilini uğurla bitirərək, təhsilimi xaricdə davam etdirməkdir.