Xəbərlər

Bakı Ali Neft Məktəbinin Riyaziyyat Klubu məktəblilər üçün yarışma keçirib

       Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda Ali Məktəbin Riyaziyyat Klubunun təşkilatçılığı ilə Məktəblilərarası “Riyaziyyat Liqası” yarışması keçirilib. Yarışma BANM və “ROOF Academic Training” mərkəzinin dəstəyi ilə həyata keçirilib.

 

       Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da iştirak edib.

 

       Yarışın keçirilməsində əsas məqsəd BANM-i tanıtmaq, Ali Məktəbin şagirdlər üçün daha faydalı və əlçatan bir təhsil ocağı olması prosesində yaxından iştirak etmək və Klubun fəaliyyətini genişləndirməkdir. 

 

            Proqram iki hissədən ibarət olub: birinci hissəyə riyaziyyat və məntiq suallarından ibarət olimpiada, ikinci hissəyə isə Bakı Ali Neft Məktəbinin Bibiheybət kampusunda gəzinti daxildir.

 

             Yarışmada Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi, Zəkalar liseyi, 6 saylı tam orta məktəb, İlyas Əfəndiyev adına Elitar Gimnaziya və s. kimi Bakının ən nüfuzlu məktəblərindən VIII və IX siniflərdə təhsil alan 16 ən yaxşı şagird iştirak edib.

 

             Yarışma iştirakçılarına BANM və Riyaziyyat Klubunun sponsoru olan “ROOF Academic Training” mərkəzi tərəfindən hədiyyələr verilib. Ümumilikdə yarışmada 24 komanda iştirak edib.  Yekunda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri fərqlənərək ilk 4 yeri tutub və sertifikatlarla mükafatlandırılıblar.

 

            BANM-in Riyaziyyat Klubunun 9 aylıq fəaliyyəti ərzində Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və s. kimi Azərbaycanın nüfuzlu universitetlərində təhsil alan tələbələrin bir araya gətirilməsi və yarışlarda iştirakının təmin edilməsi uğurla həyata keçirilib.