Xəbərlər
Softprom by ERC şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində
Bakı Ali Neft Məktəbində (BANM) “Softprom by ERC” şirkətinin nümayəndələrinin görüşü keçirilib. Görüşün əsas məqsədi şirkətin Ali Məktəblə birgə effektiv əməkdaşlığının qurulması və gələcək perspektivlərinin müzakirəsi olub. Görüşdə “Softprom by ERC” şirkətinin Azərbaycan, Gürcüstan və Türkmənistan ölkələri üzrə baş meneceri Oleq Çeçnev, şirkətin biznesin inkişafı üzrə meneceri Elşən Məcidov, BANM-in Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasının müdiri Nailə Allahverdiyeva və kafedranın professor-müəllim heyəti iştirak edib.
Qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən BANM-in rektoru Elmar Qasımov ölkədə fəaliyyət göstərən bir çox yerli və beynəlxalq şirkətlərlə olduqca effektiv əməkdaşlıq qurulduğunu bildirib. Rektor həmçinin tezliklə Ali Məktəbdə İKT Akademiyası və laboratoriyasının açılışının olacağını və bunun Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin yüksək səviyyəli mütəxəssis kimi yetişməsində əvəzsiz rol oynayacağını şirkət nümayəndələrinin diqqətinə çatdırıb. O, gələcəkdə avtomatika sahəsində ixtisaslı kadrların sayının artırılması və professor-müəllim heyətinin daha da təkmilləşdirilməsi istiqamətində IT kursların, təlimlərin keçirilməsi üçün “Softprom by ERC” şirkəti ilə əməkdaşlığın qurulmasının vacib olduğunu vurğulayıb.
“Softprom by ERC” şirkətinin Azərbaycan, Gürcüstan və Türkmənistan ölkələri üzrə baş meneceri Oleq Çeçnev bildirib ki, şirkətin yaratdığı Tədris Mərkəzində EC-Council, ISC, ISACA, IAPP, CompTIA kimi istehsalçılarla birgə informasiya təhlükəsizliyi üzrə Cybersecurity kursları keçirilir. O qeyd edib ki, gələcəkdə BANM-lə qurulmuş əməkdaşlıq nəticəsində şirkətin əməkdaşları proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan tələbələrə İT sahəsində yeni bilik və bacarıqların öyrədilməsi, onları ən son proqram təminatı ilə təchiz edə bilməsi və informasiya təhlükəsizliyinin təşkili istiqamətində kurslar təşkil edə bilərlər.
Sonda qonaqlar Ali Məktəbin kampusu və yaradılmış şəraitlə yaxından tanış olublar.
“Softprom by ERC” şirkəti 1999-cu ildə yaradılıb. Şirkət əsasən informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış istehsalçılarla əməkdaşlıq edərək MDB və Şərqi Avropa bazarlarında fəaliyyət göstərir. Şirkət 2015-ci ildə Avropanın ən böyük distribüter şirkətlərindən olan ERC ilə birləşərək rəsmi olaraq “Softprom by ERC” kimi fəaliyyətini davam etdirir. Nəticədə şirkət “CISCO”, “Fortinet”, “VMware”, “Milestone”, “Stultz”, “Legrand”, “Google”, “Cyberbit”, “Trap-X” kimi dünya şöhrətli aparıcı İKT üzrə istehsalçılarla müqavilə imzalayıb. “Softprom by ERC” 2009-cu ildə Azərbaycanda fəaliyyətə başlayıb və İKT üzrə fəailiyyət göstərən bütün şirkətlərlə əməkdaşlıq edir.