Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri ekoloji könüllülük ideyasına qoşulacaq

            Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə görüşü keçirilib. Görüşdə ekologiya, ətraf mühitin qorunması, ekoloji könüllülük və tələbələrlə əməkdaşlıq məsələləri müzakirə olunub.

 

           BANM-in rektoru Elmar Qasımov tələbələri və Nazirliyin əməkdaşlarını salamlayaraq deyib ki, ekologiya məsələləri davamlı formada diqqətdə saxlanılır, ekologiya sahəsində  Ali Məktəbdə mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. 

 

           Rektor eyni zamanda dünyada gedən plastiklərlə mübarizə strategiyası haqqında bölüşərək bildirib ki, plastik məhsullar ekoloji balansın pozulmasına gətirib çıxarır, Həmçinin o, neft-qaz, kimya sahələrinin ətraf mühiti yetərincə çirkləndirdiyini də vurğulayaraq bildirib ki, təbiəti, ətraf mühiti qorumaq, ekoloji problemlərə həssaslıq özəlliklə gələcəyin mühəndislərinin diqqətində olmalıdır.

 

           Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev nazirliyin ekologiya sahəsində gördüyü işlərdən danışıb. O bildirib ki, Nazirliyin gündəmində duran əsas məsələlərdən biri ekoloji könüllülük ideyasıdır və bununçün müxtəlif universitetlərin tələbələriylə görüşlər planlanıb. Onun sözlərinə görə, tələbələr gənc və aparıcı qüvvədir, bu ideyanın yayılmasında onların rolu danılmazdır.

 

           Novruz Quliyev deyib ki, Nazirliyin həyata keçirəcəyi ekoloji könüllülük tədbirlərilə əlaqədar olaraq müxtəlif dövlət qoruqlarına, meşələrə turlar təşkil ediləcək, yaşıllıqların, ətraf mühitin tullantılardan təmizlənməsi sahəsində işlər görüləcək. O deyib ki, bütün bu  tədbirlərdə bütün universitet tələbələrini, xüsusilə BANM tələbələrini aktiv görmək istəyir. Görüşün sonunda nazir müavini tələbəri əməkdaşlığa çağırıb.