Xəbərlər
Bakı Ali Neft Məktəbinin müəllimləri Ruse Universitetində səfərdə olublar
Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri dosent Nailə Allahverdiyeva və kafedranın baş müəllimi Süleyman Süleymanzadə Erasmus+ mübadilə proqramı çərçivəsində BANM ilə mövcud əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın digər sahələri üzrə müzakirələrin aparılması və Ruse Universitetinin Elektrik mühəndisliyi, Elektronika və Avtomatika fakültəsinin tədris prosesində iştirak etmək məqsədilə Bolqarıstanın Ruse şəhərində yerləşən Angel Kançev adına Ruse Universitetinə səfər ediblər.
Səfər çərçivəsində Bolqarıstanın Ruse Universitetində, rektor, Akademiyanın müxbir üzvü, professor Hristo Beloev, tədris üzrə prorektor, professor Plamen Kanqalov, beynəlxalq əlaqələr üzrə prorektor və eyni zamanda Erasmus+ proqramının baş koordinatoru, professor Yuliana Popova, davamlı təhsil üzrə prorektoru, professor Plamen Daskalov, Elektrik mühəndisliyi, Elektronika və Avtomatika fakültəsinin dekanı, professor Mihail Liev, Avtomatika və mexatronika kafedrasının müdiri, dosent Tsvetelina Georgieva ilə görüşlər keçirilib. Görüşlərdə Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrası ilə mövcud əməkdaşlığın genişləndirilməsi, eyni ixtisas üzrə Magistratura proqramının birgə işlənməsi və magistrlərin ikili diplomlarının alınması məsələləri haqqında geniş fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Eyni zamanda, Ruse Universitetinin Elektrik mühəndisliyi, Elektronika və Avtomatika fakültəsinin professor-müəllim heyəti ilə görüş olub. Görüşdə Bakı Ali Neft Məktəbinə virtual 3-D səyahət təşkil edilmişdir, təqdimat vasitəsi ilə Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının laboratoriyaları və kompüter otaqları haqqında geniş məlumat verilmişdir. Həmçinin, Ruse Universitetinin “Avtomatika və Mexatronika”, “Kompüter sistemləri və texnologiyaları”, “Elektrik güc mühəndisliyi” kafedralarının laboratoriyaları ilə tanışlıq olub.
BANM əməkdaşları Ruse Universitetinə səfər zamanı orada keçirilən “Təhsilin rəqəmsallaşması” forumunda da iştirak edib. Forum Bolqarıstanın Təhsil Naziri, Sosial Müdafiə Naziri, Akademiyanın prezidenti və universitetin rəhbər və professor-müəllim heyətinin iştirakı ilə baş tutub. Forumda rəqəmsal texnologiyaların tətbiqi nəticəsində yaranan problemlər müzakirə edilib.
Proqram çərçivəsində Ruse şəhərinin daxilində və ətrafında yerləşən tarixi abidələrə və muzeylərə səfərlər təşkil olunub.
Səfərin sonunda əməkdaşlara Ruse Universiteti tərəfindən mübadilənin uğurla başa çatması ilə əlaqədar sertifikatlar təqdim edilib.