Xəbərlər
Bakı Ali Neft Məktəbində Sinerji klubunun növbəti iclası keçirilmişdir
Bakı Ali Neft Məktəbinin (BANM) “Sinerji” elmi diskussiyalar klubunun növbəti iclası “Tariximiz, dilimiz və milli mənsubiyyətimiz” mövzusuna həsr olunmuşdur. Klubun elmi koordinatoru, Neft-qaz mühəndisliyi kafedrasının professoru, əməkdar müəllim Fuad Vəliyev tərəfindən aparılan iclasda klubun prezidenti BANM-in rektoru Elmar Qasımov, eləcə də Ali Məktəbin müəllim və administrativ heyəti və tələbələri iştirak etdilər.
İclasda Fuad Vəliyev və BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix elmləri doktoru Ələmdar Şahverdiyev təqdimatlarla çıxış etdilər. Onlar, xüsusilə sürətli proseslərlə gedən qlobalizasiya, həmçinin iqtisadi və mədəni inteqrasiya ilə fərqlənən dövrdə, hər bir millət tərəfindən öz milli xüsusiyyətlərinin qorunub saxlanılmasının vacibliyini vurğuladılar. Təqdimatçıların fikrincə, burada milli mənsubiyyətə, tarixə və dilə qarşı qayğı ilə yanaşmanın rolu böyükdür. Məruzəçilər əlavə olaraq qeyd etdilər ki, gənc nəsil etnik mənsubiyyətin ayrılmaz hissəsi olan və onlarsız milli inkişafın mümkün olmadığı milli ənənələrə, mədəni irsə və mənəvi dəyərlərə hörmət göstərməlidir. Tədbir zamanı təqdimatlarda qaldırılmış problemlər ətrafında müzakirələr aparıldı və suallar cavablandırıldı.
Qeyd edək ki, artıq bir neçə il BANM-də fəaliyyət göstərən “Sinerji” klubu, müəllimləri, tələbələri və müxtəlif sahələri təmsil edən mütəxəssisləri birləşdirərək aktual mövzular üzrə elmi diskussiya məkanı funksiyasını daşıyır. Klubun məqsədi iştirakçıları dəqiq və humanitar elmlər üzrə ən son və yeni nailiyyətlər haqqında məlumatlandırmaq, onların yaradıcılıq vərdişlərini, diskussiya aparma mədəniyyətini inkişaf etdirmək, həmçinin gənclərin elmi-tədqiqat işlərinə cəlb etməkdən ibarətdir.