Xəbərlər

İtaliyanın Maire Tecnimont şirkəti Bakı Ali Neft Məktəbində tədqiqat mərkəzi açacaq

        Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın məşhur Maire Tecnimont şirkətinin Azərbaycandakı nümayəndəliyi olan KT-Kinetics Technology şirkəti ilə görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov və Ali Məktəbin Kimya mühəndisliyi kafedrasının əməkdaşları, KT-Kinetics Technology şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, Maire Tecnimont şirkətinin Tədqiqat və inkişaf departamentinin rəhbəri Barbara Picutti və Laboratoriya üzrə qrup rəhbəri Marco Bianchi iştirak ediblər.

 

       Görüşdə qonaqları salamlayan BANM-ın rektoru Elmar Qasımov bildirib ki, artıq neçə ildir ki Ali Məktəblə İtaliyanın Maire Tecnimont şirkəti arasında olan əməkdaşlıq öz bəhrəsini verməkdədir. Bu illər ərzində şirkətin Azərbaycan nümayəndəliyi tərəfindən Ali Məktəbin tələbələri təcrübə inkişaf proqramlarına cəlb olunmuş, məzunlar arasından seçilərək işlə təmin olunmuş, şirkət rəhbərliyi tərəfindən Ali Məktəbin tələbələrinə təlimlər və master-klasslar keçirilmişdir.

 

      KT-Kinetics Technology şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern bildirib ki, özünün də müəllim olaraq çalışdığı BANM ilə əməkdaşlıq Maire Tecnimont və onun bir qolu olan KT-Kinetics Tecnology şirkətinin korporativ sosial məsuliyyət proqramının bir hissəsi kimi çox böyük əhəmiyyətə malikdir.

 

      Görüşdə Maire Tecnimont şirkətinin Tədqiqat və inkişaf departamentinin rəhbəri Barbara Picutti Ali Məktəbin Kimya mühəndisliyi kafedrasının professor-müəllim heyətinə “Tecnimont-da tədqiqat, innovasiya və inkişaf” adlı təqdimat edib.

 

     Daha sonra tərəflər arasında elmi tədqiqat və inkişaf sahəsində əməkdaşlıq edilməsi üzrə istiqamətlər müzakirə edilib. Bildirilib ki, Maire Tecnimont şirkəti tərəfindən Ali Məktəbə təhsil, tədqiqat və istehsalat proseslərini öyrənmək üçün müasir laboratoriya verilməsi Kimya mühəndisliyi kafedrasının bu sahədə olan ehtiyaclarının qismən ödənilməsinə və tələbələrin bu sahədə inkişafına öz töhfəsini vermiş olacaq.

 

     Qeyd edək ki, yaxın zamanda Maire Tecnimont şirkəti tərəfindən BANM-ın Kimya mühəndisliyi kafedrasının laboratoriyaları sırasında daha bir laboratoriyanın – Polimer laboratoriyasının açılışı gözlənilir.