Xəbərlər
Bakı Ali Neft Məktəbində Xoşbəxt et, Xoşbəxt ol adlı xeyriyyə konserti keçirilib.
Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin bir qrup tələbəsinin təşəbbüsilə “Xoşbəxt et, Xoşbəxt ol” (“Make happy, Be happy”) adlı xeyriyyə konserti keçirilib. Konsertdən öncə xeyriyyə məqsədilə sərgi təşkil edilib. Ali Məktəbin Tələbə Gənclər Təşkilatının ərsəyə gətirdiyi sərgidə kitablar, eləcə də əksəriyyəti tələbələrin əl işləri olan rəsm əsərləri və suvenirlər satışa çıxarılıb.
Layihə sosial yönümlü olmaqla valideyn himayəsindən məhrum olan uşaqlara tələbələrin diqqətini artırmaq və tələbələrin onlara maddi və mənəvi dəstəyini real şəkildə göstərmək məqsədi ilə həyata keçirilib. Tədbirdə BANM tələbələrilə yanaşı digər universitetlərin tələbələri də iştirak edib.
Tədbiri giriş sözü ilə açan BANM-ın rektoru Elmar Qasımov nitqində “Xoşbəxt et, Xoşbəxt ol” devizi altında keçirilən tədbirdə tələbələrin sosiallığını, cəmiyyətə yararlı, faydalı olmaq istəklərini yüksək qiymətləndirib, həmçinin Azərbaycan xalqına xas olan xeyirxahlıq və mərhəmət hissinin gənclərdə yüksək səviyyədə formalaşdığının çox sevindirici olduğunu bildirib.
Ali Məktəbin Konqres zalında baş tutan xeyriyyə konsertində Ali Məktəbin musiqi klubunun üzvləri olan Zərifə Abdulova, Günel Hüseynli, Vüqar Həsənov, Orxan Sayidov, Orxan Əlizadə, Nilufər Əsgərzadənin ifaları, Ali Məktəbin rep klubunun üzvləri olan Famil Babayev və Qəzənfər Qəzənfərlinin maraqlı çıxışları dinlənilib. Konsertdə həmçinin Azərbaycan Milli Konservatoriyasının tələbələri Fərid Qaragöz və Əli Əliyev, həmçinin Safa Eldar, Ramil Nabran kimi gənc müğənnilərin ifaları, o cümlədən “Assa” rəqs qrupunun çıxışı rəğbətlə qarşılanıb.