Xəbərlər

IADC-nin prezidenti Bakı Ali Neft Məktəbinin tələbələrilə görüşdü

       Bakı Ali Neft Məktəbində (BANM) Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının (International Association of Drilling Contractors - IADC) rəhbərliyinin Ali Məktəbinin tələbələrilə görüşü keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, IADC prezidenti Jason McFarland, Beynəlxalq inkişaf üzrə vitse-prezidenti Mayk Dubouz, Əməliyyat təhlükəsizliyi üzrə İdarəedici vitse-prezidenti Mark Denkovski, Yaxın Şərq və Afrika regionu üzrə Regional təmsilçisi Hişam Zebian, IADC-nin rəsmi jurnalı olan “Drilling Contractor”-un redaktoru Linda Hsieh və BANM-ın Neft-qaz mühəndisliyi ixtisasının tələbələri iştirak ediblər.

 

        Görüşdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov  IADC-nin Azərbaycanda olan fəaliyyətini, o cümlədən BANM-ın tələbələrilə birgə işini yüksək qiymtələndirdiyini söyləyib. Rektor bildirib ki, IADC –nin mühəndislər üçün müxtəlif sosial layihələri həyata keçirməsi, onlarda xüsusi vərdiş və bacarıqları inkişaf etdirməsi və gələcək karyerlarına öz töhfəsini verməsi əvəzolunmaz xidmətlərdir.

 

         IADC-nin prezidenti cənab McFarland söyləyib ki, rəhbərlik etdiyi təşkilatın əsas məqsədi qazma əməliyyatlarının həyata keçirildiyi ölkələrdə sənaye üzrə yenilikləri və informasiyanı təmin etmək, bütün dünya üzrə neft-qaz sənayesində fəaliyyət göstərən şirkətləri və bu sahənin gənc və təcrübəli mütəxəssislərini bir araya gətirərək əlaqələr yaratmaqdır.

 

        IADC-nin Beynəlxalq inkişaf üzrə vitse-prezidenti Mayk Dubouz bildirib ki, qeyr-kommersiya təşkilatı olan  IADC  tələbələrin bilik və bacarıqlarını kəşf etmək, onları bu sahədə fəaliyyət göstərən şirkətlərlə tanış etmək və əlaqələr yaratmaq məqsədilə müxtəlif beynəlxalq və lokal konfranslar, təlimlər, seminarlar təşkil edir.

 

     Görüşdə çıxış edən IADC-nin Əməliyyat təhlükəsizliyi üzrə İdarəedici vitse-prezidenti Mark Denkovski və Yaxın Şərq və Afrika regionu üzrə Regional təmsilçisi Hişam Zebian tələbələrə neft-qaz sənayesi üzrə gələcək karyeraları haqqında istiqamət verib, şəxsi təcrübələrini paylaşıblar.

 

       Görüşün sonunda Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr qonaqlara çoxsaylı suallar ünvanlayıblar.  

 

        IADC-nin prezidenti Jason McFarlandın rəhbərlik etdiyi nümayəndə heyəti BANM-ın kampusuna tur edərək Ali Məktəbin infrastrukturu ilə yaxından tanış olublar.      

 

         Qeyd edək ki, 1940- cı ildən bəri fəaliyyət göstərən və baş ofisi Amerikanın Hyuston şəhərində yerləşən IADC neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlər ilə məşğul olan 1600 üzv müəssisəni öz ətrafında birləşdirir.