Xəbərlər

Bakı Ali Neft Məktəbində üzgüçülük yarışları keçirilib.

      Bakı Ali Neft Məktəbində (BANM) tələbələr arasında üzgüçülük yarışları keçirilib. Yarışları BANM ın rəhbərliyi, professor müəllim heyəti və digər qonaqlar izləyib.

 

      Yarışın açılış mərasimində çıxış edən BANM-ın rektoru Elmar Qasımov qonaqları salamlayıb. Ən müasir standartlara cavab verən üzgüçülük yarışlarının keçiriləcəyi arenanın ilk dəfə tələbələrin istifadəsinə verildiyini söyləyən Elmar Qasımov ölkədə idmana göstərilən dövlət qayğısından söz açıb və iştirakçılara uğurlar arzulayıb.

 

      Daha sonra yarışlara start verildi. Ali Məktəbin tələbələri üzgüçülüyün 3 növü üzrə qalib adı uğrunda mübarizə aparıblar. Yarışlar BANM-ın Bədən tərbiyəsi kafedrasının müəllimi, su polosu üzrə idman ustası Pyotr Kuvşinovun nəzarəti altında keçirilib.  Sərbəst üzmə növündə ilk yeri Yusif Quluzadə, II yeri İslam Temavov, III yeri Rafiq Lahıcov tutdu. Arxa üstə krol üzmə üsulu ilə keçirilən yarışlarda isə qalib İman Qurbanlı, digər yerlərin sahibləri müvafiq olaraq Maksat Orayev və Kamal Ömərov oldu. 3-cü növ yarışları olan və digərlərinə nisbətən çətin növ sayılan bras növündə isə Mirzəxan Əliyev birinciliyi qazandı, II yeri Kamal Ömərov, III yeri isə Ayxan Lütvəlizadə tutdu.



      Bütün növlərdə yer tutan ilk 3 yerin sahibləri medallar və hədiyyələrlə təltif olundu.