Xəbərlər
Azərbaycan-Britaniya Məzunları İctimai Birliyinin layihə iştirakçıları Bakı Ali Neft Məktəbində
“Azərbaycan-Britaniya Məzunları” İctimai Birliyi təşkil etdiyi “Təhsil üçün əl-ələ” layihəsinin iştirakçıları Bakı Ali Neft Məktəbində olublar. Layihə Britaniya Şurasının Azərbaycandakı filialının təşkilatı, BP Azərbaycan şirkətinin maliyyə dəstəyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir. 2018-ci ilin dekabrından 2019-cu ilin mart aylarına qədər davam edəcək “Təhsil üçün əl-ələ” layihəsi çərçivəsində 11 rayonun 8, 9 və 10-cu sinif şagirdləri arasından xüsusi müsabiqə ilə seçilən ən bacarıqlı şagirdlər qış düşərgəsində iştirak üçün seçiliblər. Beş günlük düşərgədə şagirdlər müxtəlif sahə mütəxəssisləri ilə görüşüb, ali təhsil müəssisələrinə baş çəkmək və dövlət təşkilatlarını ziyarət etmək imkanı əldə ediblər. Layihə iştirakçıları BANM-da olarkən burada tələbələr üçün yaradılmış şəraitlə tanış olub, idman kompleksi, laboratoriyalar, mühazirə otaqları və kitabxana ilə yaxından tanış olublar. Kampusu tur etdikdən sonra şagirdlərə Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Xəyalə Fətullayeva tərəfindən təqdimat edilib, şagirdlərə BANM-ın fəaliyyəti, ixtisasları, uğurları, tələbə həyatı, məzunları haqqında məlumat verilib. Daha sonra BP-nin Layihə mühəndisi Nicat Mikayılov şagirdlərə layihə idarəetməsinin əsas prinsipləri haqqında təqdimat edib.
Qeyd edək ki, “Azərbaycan-Britaniya Məzunları” İctimai Birliyi Böyük Britaniyada təhsil almış məzunlar tərəfindən yaradılmışdır. Birliyin məqsədi Britaniyada təhsil almış məzunların bilik və təcrübələrini azərbaycanlı şagird və tələbələrlə bölüşmək, təhsilimizin inkişafına dəstək olaraq Azərbaycan cəmiyyətinə töhfə vermək, tədbirlər və layihələr həyata keçirməkdir.