Xəbərlər
15 müəssisənin nümayəndəsi Layihə İdarəetmə Məktəbinə qoşulub
Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) yeni “M5” adlı qrupuna 15 müəssisə və şirkətdən 26 nəfər iştirakçı qatılıb. Qrupun iştirakçıları arasında SOCAR, Azərikimya İB, SOCAR Petkim, BP, Bank Respublika, TP Engineering, “Gilan Construction Group” MMC, “DeGolyer and MacNaughton Corporation” və s. kimi şirkət və müəssisələrdən olan rəhbər şəxslər və məsul əməkdaşlar vardır.
Layihə İdarəetmə Məktəbinin M5 qrupunun açılışı BANM-ın rektoru Elmar Qasımov tərəfindən edilib. Rektor çıxışı zamanı bildirib ki, Layihə İdarəetmə Məktəbini bitirmiş məzunların çoxu karyeralarında ciddi irəliləyişlər əldə ediblər. Elmar Qasımov bu layihənin müxtəlif sahələrdə çalışan insanların menecerlik qabiliyyətinin inkişaf etdirilməsində, həmçinin layihələrin idarə olunması biliklərinin əldə edilməsi və praktik tətbiq edə bilməsində böyük rolu olduğunu deyib.
Qeyd edək ki, SPM proqramı layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək üçün unikal təlim proqramıdır. Proqramı uğurla bitirən iştirakçılar ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər. SPM layihənin idarə olunması, layihə menecerləri üçün keyfiyyət, büdcənin idarə olunması, riskin idarə olunması, layihədə liderlik, layihə menecmentinin tətbiqi, layihə menecerləri üçün danışıqların aparılması bacarıqları kimi 7 moduldan ibarətdir.