Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələrinə Y nəsli və yeni iş yerləri adlı təlim keçirildi

       SOCAR Türkiyənin maliyyə dəstəyi və təşkilatçılığı ilə Türkiyənin tanınmış təqdimatçısı, beynəlxalq “Universum” Araşdırma və Konsaltinq şirkətinin Yaxın Şərq regionu üzrə direktoru Evrim Kuran Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinə təlim keçib. Təlimdə həmçinin Ali Məktəbin rektoru Elmar Qasımov, SOCAR Türkiyənin İnsan Resursları üzrə direktoru Sibel Uğur, Petkim Petrokimya Holdinqin Yetenek kazanım və yetenek işletim” müdiri Bəhruz Babayev və digər nümayəndələr iştirak ediblər.

 

      BANM-ın rektoru Elmar Qasımov SOCAR Türkiyənin rəhbərliyinə Ali Məktəbə göstərdiyi diqqət və şirkətin sosial layihəsi çərçivəsində həyata keçirdiyi bu təlim üçün öz təşəkkürünü bildirib.

 

       Gənclər üçün çox aktual mövzu -  “Y Nəsli – Minilliyin nəsli və yeni iş yerləri” adlı təlimdə E.Kuran 21-ci əsrin iş yerlərində baş vermiş dəyişikliklər, biznes dünyasında bir neçə nəsil və müxtəlif nəsillər arasında ünsiyyət, Y nəsli və peşəkar həyat, nəsillər və dünyanı dəyişən rəqəmsal bilik haqqında danışıb. O həmçinin tələbələrə  şəxsiyyətini, özünə əminliyini itirmədən peşəkar tələblərə cavab verməyin yollarını açıqlayıb.

 

      BANM-ın tələbləri tərəfindən böyük maraqla qarşılanan təlim gənclərin E.Kurana çoxsaylı sualları ilə yekunlaşıb.

 

     Təlimin sonunda Ali Məktəbin rektoru Elmar Qasımov SOCAR Türkiyənin İnsan Resursları üzrə direktoru S.Uğur və təqdimatçı E.Kurana Ali Məktəbi ziyarət və verdiyi töhfə üçün “Fəxri qonaq” plaketi təqdim edib.

 

     Qonaqlar həmçinin Ali Məktəbin kampusuna tur edərək burada tələbələr üçün yaradılmış infrastruktur, şərait ilə yaxından tanış olublar.

 

    Qeyd edək ki, E.Kuran həmçinin, 2013-cü ildən regionun ən böyük brendinq üzrə konfransı – “İnsanlar Brend Yaradır” konfransının yaradıcısı və kuratoru, 2006-cı ildən fəaliyyət göstərən beynəlxalq “Dinamo Consulting” şirkətinin həmtəsisçisi, “Teleqrafdan Tabletə” adlı kitabın müəllifi və çoxlu sayda elmi araşdırma məqalələrinin müəllifidir.