Xəbərlər
Türk Standartları İnstitutu Bakı Ali Neft Məktəbində monitorinqdə
Türk Standartları İnstitututu (TSİ) Bakı Ali Neft Məktəbində (BANM) monitorinqə başlayır. Bu məqsədlə TSİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçisi Gülhan Yüzereroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti BANM-da olublar.
BANM-ın rektoru Elmar Qasımov TSİ-nin Azərbaycan nümayəndəliyinin rəhbərliyilə görüş zamanı bildirib ki, hazırda Ali Məktəb üçün böyük kampusun və orada yerləşən laboratoriyaların istifadəsinin tam standartlara uyğun təşkil edilməsi çox vacibdir. Bu məqsədlə rektor TSİ tərəfindən BANM-ın kampusunun monitorinqinin və “Laboratoriya təhlükəsizliyi” üzrə təlimlərin keçirilməsinin labüd olduğunu bildirib. Görüş zamanı həmçinin xanım Gülhan Yüzereroğlu tərəfindən BANM-ın tələbələrinə İSO standartları haqqında təlim keçirilməsi razılaşdırılıb.
Daha sonra nümayəndə heyəti Ali Məktəbin müəllim və administrativ heyətindən olan məsul əməkdaşlarla görüşüblər. Görüş zamanı TSİ-nin əməkdaşlarının bir neçə gün ərzində Ali Məktəbdə monitorinq aparacağı bildirilib, həmçinin xanım Gülhan Yüzereroğlu beynəlxalq standartlarda baş vermiş yeniliklər və dəyişikliklər,təlim-təhsil müəssisələrinin daha çox istifadə etdiyi standartlardan danışıb.
Qeyd edək ki, BANM Azərbaycanda ISO 9001 “Keyfiyyət idarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, ISO 10002 "Müştəri məmnuniyyəti - şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər" standartlarına sahib və həmin standartları uğurla tətbiq edən yeganə ali təhsil müəssisədir.