Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbələri İdeya var! müsabiqəsində I və III yerləri qazanıblar
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “İdeya var!” gənclərin ikinci ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsində 1-ci və 3-cü yeri qazanıblar.
Müsabiqədə 14-29 yaşlı Azərbaycan vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak ediblər. Müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir.
Müsabiqə “Texniki innovasiyalar”, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar”, “İstehsalat texnologiyaları və sənaye infrastruktu. Canlı sistemlər, nəqliyyat sistemləri” və “Sosial sahə və təhsil” adlı 4 nominasiya üzrə aparılıb.
Müsabiqədə birinci yeri – “İstehsalat sularından litiumun ayrılması” adlı layihə ilə BANM-ın 5-ci kurs Neft-qaz mühəndisliyi ixtisasının tələbəsi Əhməd Mehribanlı və onun komanda yoldaşı, Kanadanın Alberta universitetinin məzunu Cavid Əhmədov qazanıblar.
Müsabiqədə III yeri də Ali Məktəbin tələbələri - Elmar Əsgərzadə, Hüseyin Əliyev, Yadigar Nəzərov, Murad Rəhimov, Aleksandr Oborovskiy özlərinin “ThermoNorth” adlı startup layihələrilə qazanıblar.