Xəbərlər
Bakı Ali Neft Məktəbində Cleantech İdeation Bootcamp keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) təşkilati dəstəyi, BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi və Social İnnovation Lab-ın (SİL) əsas təşkilatçılığı və EY şirkətinin sponsorluğu ilə "Cleantech Ideation Bootcamp" adlı innovasiya proqramı keçirilib. Ali Məktəbin Senat zalında təşkil olunan iki günlük proqramda BANM və Azərbaycanın müxtəlif universitetlərindən olan gənclər iştirak ediblər.
Social Innovation Lab-in təsisçisi və direktoru Cəsur Həsənov bildirib ki, proqramın əsas məqsədi dünyada ən çox diqqət mərkəzində olan məsələlərdən biri – iqlim dəyişikliyinə həsr olunmuş innovasiya və ideyaların kəşf edilməsi və onların reallaşmasına dəstək olmaqdır.
22-23 dekabr keçirilən proqamda 4 təlimçi, 6 mentor və 40-a yaxın iştirakçı iki gün ərzində iqlim dəyişikliyi üzrə birgə innovativ həllərin tapılması üçün birgə çalışıblar.
Proqramın ilk günü startup komandalara SİL-in təsisçiləri Cəsur Həsənov və Leyla Tağızadə, innovasiyalar üzrə beynəlxalq təcrübəli sahibkarlar Rəşid Əliyev və Orxan Əhmədov tərəfindən təlim sessiyaları keçirilib və iştirakçılar öyrəndiklərini birbaşa təlim prosesində öz layihələri üzərində tətbiq ediblər. Növbəti gün isə komandalar layihələrini ekspertlərdən ibarət münsiflər heyətinə təqdim ediblər. “Cleantech Ideation Bootcamp” proqramı 2 gün ərzində 8 yeni startup layihəsi yaranmasına nail olunub.
İlk iki yerə isə “EcoSol” (tullantiların daha ağıllı və davamlı idarə olunması) və “Coloroll” (inşaat sektorunda divarların daha sürətli və optimal resurslarla boyanmasını təklif edən robot) adlı startuplar layiq görülüb. BANM-ın rektoru Elmar Qasımov qalib komandaları ürəkdən təbrik edib və onlara sertifikatlar təqdim edib. Hər iki layihənin komandası dünyanın ən geniş təmiz texnologiyalar proqramı olan “ClimateLaunchpad Azerbaijan 2019”-da iştirak üçün birbaşa vəsiqə qazanıblar.