Xəbərlər

İnnovasiya Müsabiqəsinin qalibi olan Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular

           Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri qalibi olduqları İkinci Respublika İnnovasiya Müsabiqəsinin təltifetmə mərasimində iştirak ediblər.  Özlərinin “ThermoNorth” adlı startup layihələrilə qalib gələn tələbələrə Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Şahin Mustafayev tərəfindən sertifikat və müsabiqənin əsas mükafatı – 5000 AZN məbləğındə pul mükafatı təqdim olunub.

 

           Tədbirdə çıxış edən komanda üzvü  Aleksandr Oborovskiy müsabiqənin bütün təşkilatçılarına, xüsusilə İqtisadiyyat Nazirliyinə təşəkkür edib. Daha sonra o “ThermoNorth” startup layihəsinin mahiyyəti və məqsədi haqqında tədbir iştirakçılarına qısa prezentasiya edib, həmçinin layihə üzərində işləyən digər komanda üzvlərini – Ali Məktəbin tələbəri Elmar Əsgərzadə, Hüseyin Əliyev, Yadigar Nəzərov, Murad Rəhimov və  onlara layihə işləmələri zamanı rəhbərlik edən BANM-ın dosenti Əmir Rza Vəxşurini iştirakçılara təqdim edib.

  

           Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil edilən müsabiqədə ölkənin gənc tədqiqatçılarının 220-yə yaxın layihəsi təqdim olunmuşdu.