Xəbərlər
Petronas Bakı Ali Neft Məktəbinə 2 təqaüd ayırdı
Neft-qaz sektorunda dünyanın aparıcı şirkətlərindən hesab edilən Malayziyanın Petronas şirkəti Bakı Ali Neft Məktəbi üçün təqaüd ayırıb. Təqaüdün ayrılması şirkətin “Petronas Təhsil Sponsorluq Proqramı” çərçivəsində həyata keçirilir. “Bugünün öyrənənləri, sabahın liderləri” şüarı altında həyata keçirilən proqram Petronas şirkəti tərəfindən keçirilən imtahan və xüsusi müsabiqələrdən uğurla keçən tələbələrə Malayziyada təhsil almaq şansı verir. Proqram çərçivəsində xüsusi seçilmiş tələbələr Malayziyada Petronas Texniki Universitetində təhsil alacaqlar.
Artıq BANM-ın iki tələbəsi - Proseslərin avtomatlaşdırılması mühəndisliyinin ikinci kurs tələbələri Əli Yusifov və Elnur Şahbalayev Petronas şirkəti tərəfindən seçilərək təhsil almaq üçün Malayziyaya yola düşüblər. Şirkət tələbələrin təhsil haqqı, yataqxana xərclərini ödəyəcək və hər ay ehtiyyaclarını ödəmək üçün təqaüdlə təmin edəcək.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbi artıq bir neçə ildir ki Malayziyanın Petronas şirkətinin Azərbaycan nümayəndəliyi ilə sıx əməkdaşlıq edir.